“Xocalı qəlbimizdə” - uşaq rəsm sərgisi

Fevralın 24-də Xətai Sənət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayı ilə birgə təşkil edilən “Xocalı qəlbimizdə” adlı uşaq rəsm sərgisinin açılışı olub.

 

Mərkəzin direktoru Zahid Əvəzov qeyd edib ki, Xocalı ilə bağlı sərgi hər il ənənəvi olaraq keçirilir, bu qanlı olay zamanı həyatını itirən, yurd-yuvasından didərgin düşən insanlar sənət vasitəsilə anılır.

Xalq rəssamı Arif Hüseynov bildirib ki, Xocalı faciəsinin tarixi burada əsərləri sərgilənən uşaqların yaşından çoxdur. Bununla belə uşaqlar çox ciddi, sarsıntılı mövzuda öz düşüncələrini bədii şəkildə ifadə edə biliblər.

Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının direktor müavini Nadejda Portnova uşaqların tarixi faciəyə ürək yanğısıyla yanaşdıqlarını yüksək qiymətləndirib.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov uşaqların rəssamlıq bacarığına diqqət çəkib, gələcəkdə bu rəssamların tarixi tablolar yaradacaqlarına inandığını deyib.

Sonra bütün sərgi iştirakçılarına diplomlar təqdim edilib.

Qeyd edək ki, sərgidə 5-17 yaşlı 50-dən çox uşağın Xocalı mövzusunda çəkdiyi əsərlər nümayiş olunur. Sərgilənən hər bir əsərdə uşaqların adıçəkilən faciə ilə bağlı nəsə demək istəmələri aydınca duyulur. Ən çox diqqəti cəlb edən əsərlərdən biri də 7 yaşlı Sonaxanım Babayevanın rəsmidir. Onun əsərində çərçivəyə salınaraq divardan asılmış bir uşaq şəkli təsvir olunub. Şəklin altında isə “1982-1992” yazılıb.

 

Soltan

 

Mədəniyyət.- 2016.- 26 fevral.- S. 3.