Qəhrəman vətən oğullarının kino ömrü

 

Fevralın 25-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində Azərbaycanın Milli Qəhrəmanları Füzuli Rüstəmov və Əliyar Əliyevin həyat və döyüş yolundan bəhs edən “Xocalının zamini” və “Pəhləvan komandir” sənədli filmlərinin təqdimatı oldu. Ekran əsərləri dövlət sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyasında istehsal edilib.

Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan tədbirdə öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Hərbi məktəbin rəisinin şəxsi heyətlə üzrə müavini, polkovnik Tərlan Seyfullayev çıxış edərək bildirdi ki, nazirliyin dəstəyi ilə Milli Qəhrəmanlardan bəhs edilən filmlərin tədris ocaqlarında nümayiş olunması təqdirəlayiq haldır. Xocalı soyqırımı barədə danışan T.Seyfullayev qeyd etdi ki, Qarabağ döyüşlərində rəşadət göstərərək şəhid olmuş vətən oğullarının narahat ruhları bizi torpaqlarımızı azad etməyə səsləyir və xalqımız gec-tez düşməndən intiqam alacaq.

Təqdimatda çıxış edən nazirliyin Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə bildirdi ki, Milli Qəhrəmanlar haqqında "Salnamə" və "Yaddaş" studiyalarında dövlət sifarişi ilə ekranlaşdırılan filmlər indiyədək Bakı və Sumqayıtda, Ağdam, Oğuz, Göyçay, Quba, Biləsuvar, Xaçmaz və digər rayonlarda ictimaiyyətə təqdim edilib. Nazirliyin sifarişi ilə bu silsilədən 40-dan artıq film çəkilib. Bu gün təqdim edilən sənədli filmlərin ilk tamaşaçıları da məhz zalda əyləşən gələcəyin hərbçiləridir.

Rejissor Nizami Abbas çıxış edərək Qarabağ döyüşləri və Milli Qəhrəmanlarla bağlı xatirələrini bölüşdü.

Sonra hər iki film nümayiş olundu. Filmlərdə Milli Qəhrəmanların keçdiyi şərəfli döyüş yolundan bəhs edən kadrlar, döyüşçü dostları yaxınlarının fikirləri yer alıb. Filmlər hərbi məktəbin heyəti tərəfindən maraqla qarşılandı.

Qeyd edək ki, “Pəhləvan komandirfilminin rejissoru Nizami Abbas, operatoru Üzeyir Abbas, “Xocalının zaminifilminin rejissoru isə Zamin Məmmədovdur.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 26 fevral.- S. 2.