BMT-də Sivilizasiyalar Alyansının Bakı Forumunun yekunlarına dair toplantı keçirilib

 

 

İyunun 29-da Nyu-Yorkda, BMT Baş Qərargahında BMT Sivilizasiyalar Alyansının Dostlar Qrupunun növbəti iclası keçirilib. İclas bu ilin 25-27 aprel tarixində Azərbaycanın ev sahibliyi etdiyi BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun nəticələrinə həsr olunub.

 

İclası açan BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Nasir Azərbaycan Respublikasının yüksək dəstəyi ilə təşkil edilən 7-ci Qlobal Forumun həm ölkələrin iştirak səviyyəsi və iştirakçıların tərkibinə, keçirilən sessiya və tədbirlərin mövzularının əhəmiyyətinə, eləcə də tədbirin yekun sənədi olan Bakı bəyannaməsinin qəbul edilməsinə görə öz məqsədlərinə və hədəflərinə çatdığını vurğulayıb.

Azərbaycan hökuməti adından Qlobal Forumun Təşkilat Komitəsinin sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək mötəbər tədbirin və onun nəticələrinin həyata keçirilməsinə ölkə rəhbərliyinin yüksək diqqət ayırdığını bildirib.

Qeyd olunub ki, 147 ölkədən 3000-dən çox nümayəndənin iştirak etdiyi Qlobal Forum çərçivəsində 40-dan çox tədbir keçirilib. Forum iclas zallarında müzakirələrlə məhdudlaşmayaraq böyük gənclər hərəkatının, qarşılıqlı mədəni mübadilələrin, insanların təəssüratlarının müxtəlif formalarda ifadəsi üçün bir beynəlxalq platforma rolunu oynayıb. Tədbirin yekununda qəbul olunan Bakı bəyannaməsi bütün dünya üçün dinlər və mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın inkişafı naminə strateji hədəfləri müəyyən edib.

Sonra Forumla bağlı statistik nəticələr barədə ali nümayəndənin kabinet rəhbəri tərəfindən təqdimat keçirilib. Təqdimatda qeyd olunub ki, Forum 700-dən çox beynəlxalq televiziya, qəzet və digər mətbuat orqanları tərəfindən yayımlanıb və xüsusilə sosial şəbəkələrdə tədbir barədə 46 milyondan dəfə təəssürat paylaşılıb və 14 milyondan çox şəxs bu təəssüratlara münasibət bildirib. Təkcə Forumun internet səhifəsindən aprel ayı ərzində 250 mindən çox insan istifadə edib.

Göstərilən rəqəmlər tədbirin qlobal auditoriyaya necə təsir etdiyini bir daha təsdiqləyir.

Təqdimatdan sonra Forumun nəticələri ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib.

İclasda çıxış edən Türkiyə, İspaniya, Qətər, Braziliya, İndoneziya, Qırğızıstan, Qazaxıstan, Sudan, İsveç, Kanada, Avstriya və digər nümayəndələr Azərbaycana ev sahibliyini yüksək səviyyədə təmin etdiyinə görə təşəkkür edərək, Sivilizasiyalar Alyansının gələcək fəaliyyəti ilə bağlı öz ölkələrinin mövqelərini ifadə ediblər.

İclasın yekununda, nazir Əbülfəs Qarayev Forumun təşkilində yüksək səviyyədə göstərdiyi xidmətlərə görə ölkə rəhbərliyi tərəfindən bir sıra şəxslərə ordenmedallar verildiyini diqqətə çatdıraraq, həmin şəxslərdən biri olan BMT yanında Azərbaycan daimi nümayəndəliyinin müşaviri Xanım İbrahimovaya “Dövlət qulluğunda fərqlənməyə görə” medalını təqdim edib.

 

Mədəniyyət.- 2016.- 1 iyul.- S.3.