Babək rayonunda xanımların əl işlərindən ibarət satış-sərgi

 

 

Babək rayon Mədəniyyət evində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə istedadlı xanımların əl işlərindən ibarət satış-sərginin açılışı olub.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov, muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış ediblər. Qeyd olunub ki, sərginin təşkil edilməsində məqsəd milli dəyərlərimizi, adət-ənənələrimizi gənclərə aşılamaq, yüz illərdir ailələrimizdə qorunub saxlanılan mənəvi irsimizi, zəngin dəyərə malik həyat tərzimizi ilmələrə, tablolara köçürmək və yaşatmaqdır. Muxtar respublikanın bütün rayon mərkəzlərində bu səpkidə sərgilərin keçirilməsi nəzərdə tutulub.

Sərgi iştirakçılarından Ulduz Əliyeva çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.

Sərgidə rayon üzrə 50 istedadlı qadının 600 rəsm və əl işinin satışı təşkil olunub. Sulu və yağlı boya ilə işlənən tablolarla yanaşı, milli geyimlər, toxuculuq və dekorativ-tətbiqi sənət nümunələri maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2016.- 1 iyul.- S.13.