Turizm sahəsində böyük nəticələr gözləyirik”

“Əsas məsələ turizm sənayesini yaratmaqdır. Bu istiqamətdə görüləsi işlər hələ çoxdur

 

İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dünyada təhlükələrin artdığını, iqtisadi böhranın daha da dərinləşdiyini və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkdiyini deyən Prezident İlham Əliyev ötən dövrdə Azərbaycanın inkişafının təmin edildiyini, ictimai-siyasi vəziyyətin sabit qaldığını, qarşıda duran vəzifələrin həll olunduğunu bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı aprel ayında təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısının ordumuz tərəfindən alındığını, əks-hücum əməliyyatı nəticəsində 2 min hektar ərazinin işğaldan azad edildiyini diqqətə çatdırıb. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayan Prezident əlavə edib ki, yeganə mümkün variant mərhələli həll variantıdır və bunun üçün həmsədr ölkələrin və ATƏT-in Ermənistana ciddi təzyiq göstərməsi vacibdir.

Prezident çıxışında iqtisadi inkişaf proseslərindən də danışıb. Qeyd olunub ki, cari ilin altı ayında ümumi daxili məhsulun azalmasına baxmayaraq, sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft sektorunda artım müşahidə olunub. Qeyri-neft sənayesi 2,4 faiz, kənd təsərrüfatı 3,1 faiz artıb.

“2016-cı il tarixdə dərin islahatlar dövrü kimi qalacaq”, - deyən dövlət başçısı strateji enerji və nəqliyyat layihələrinin icrası istiqamətində tədbirlərin davam etdirildiyini bildirib.

Sonra müdafiə sənayesi naziri Yavər Camalov, kənd təsərrüfatı naziri Heydər Əsədov, “MeliorasiyaSu Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə 2016-cı ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.

Prezident İlham Əliyev yekun nitqində prioritet istiqamətlər üzrə qarşıda duran vəzifələrin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Dövlət başçısı ixracyönümlü iri sənaye müəssisələrinin yaradılması, kiçikorta sahibkarlığın gücləndirilməsi ilə bağlı tapşırıqlar verib. Qeyd edib ki, ölkədə dərman istehsalına başlanması, sənaye mərkəzlərinin yaradılması istiqamətində, Mingəçevirdə yüngül sənaye kompleksinin təməlinin qoyulması, hər bir rayonun sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı işlər davam etdirilir.

Xalçaçılıq sənayesinin geniş perspektivləri var. Bu yaxınlarda “Azərxalça” Səhmdar Cəmiyyəti yaradılıb. Xalçaçılıq sənəti bizim milli sərvətimizdir. Ancaq əfsuslar olsun ki, xalçaçılıq sənaye kimi Azərbaycanda az inkişaf edib. Nəzərə alsaq ki, bu sahədə bizim böyük ənənələrimiz var, dünya miqyasında biz qabaqcıl yerlərdəyik, ona görə qərar qəbul edilib ki, bu məsələlər məqsədyönlü şəkildə öz həllini tapsın, biz xalçaçılıq sənayesini də yaradaq. Dövlət tərəfindən bütün lazımi avadanlıqlar, dəzgahlar təmin edilir və ediləcək. Həm məşğulluq təmin olunacaq, həm də ixrac məhsulu yaranacaq.

Vurğulanıb ki, ölkəyə valyuta gətirən sahələrdən biriturizmdir: “Biz burada da çox böyük nəticələr gözləyirik. Xüsusilə nəzərə alsaq ki, son illər ərzində Azərbaycanın dünyada tanıdılması istiqamətində çox böyük işlər görülüb. Azərbaycanda dünyanın diqqətini cəlb edən beynəlxalq tədbirlər keçirilir. Misal üçün, bu il BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilmişdir. Dünya miqyaslı tədbirdir. Bir neçə il bundan əvvəl “Eurovision”, keçən il Avropa Oyunları böyük marağa səbəb olmuşdur. Yəni, Azərbaycanı artıq tanıyırlar. Ölkəmizin tanıdılmasında Formula-1 yarışının xüsusi yeri var. Çünki bu yarışın auditoriyası 500 milyon insandır. Formula-1 yarışı futbol üzrə dünya çempionatı və Yay Olimpiya Oyunlarının səviyyəsində olan tədbirdir. Əgər dünya çempionatı və Olimpiya Oyunları bir şəhərdə bir dəfə keçirilirsə, yaxud da ki, indi bəlkə də əlli ildə iki dəfə keçirilirsə, Formula-1 yarışı Azərbaycanda ən azı bundan sonra dörd il keçiriləcəkdir. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bu, şəhər yarışıdır və Bakının gözəlliyi 500 milyon insan üçün artıq təqdim olunub”.

Prezident qeyd edib ki, bütün bu tədbirlər turizmin inkişafına çox böyük təkan verəcək: “Bizbuna hazır olmalıyıq. Ölkəmizi dünyada tanıtdırmaq üçün tədbirlər görülür. Biz vizalarla bağlı problemləri də bu yaxınlarda aradan götürmüşük. “ASAN viza” xidməti yaradılır. Üç gün ərzində Bakıya turist kimi gəlmək istəyən heç bir problemsiz vizanı alıb gələcək. Əsas məsələ turizm sənayesini yaratmaqdır - həm daxili turizm, həm də xarici qonaqları qəbul etmək üçün. Bizim gözəl iqlimimiz, yay aylarında Xəzər sahili, qış aylarında dağlar, xizək kurortları var. Bizim çoxlu tarixi abidələrimiz var. Nəinki Bakıda, bütün bölgələrdə müasir infrastruktur, hotellər, yollar var. Ona görə bu istiqamətdə görüləsi işlər hələ çoxdur”.

Prezident “ASAN xidmət”in fəaliyyətinə toxunaraq artıq bu quruma yarandığı vaxtdan indiyə qədər 10 milyon müraciət edildiyini, ölkədə 9 “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyini, bu il isə Masallı və Qəbələdə yeni mərkəzlərin yaradılacağını diqqətə çatdırıb.

Bütövlükdə 2016-cı ilin birinci yarısının yekunlarının qaneedici olduğunu deyən dövlət başçısı ilin ikinci yarısının da uğurlu olacağına əminliyini ifadə edib.

Mədəniyyət.-2016.- 13 iyul.- S.2.