İyirmi üçüncü mövsümün "Adajio"su

Qadın heykəllərinin yanından biganə keçməyin...

 

Başa çatmaqda olan teatr mövsümündə Azərbaycan Dövlət Pantomima Teatrı sonuncu tamaşasını təqdim etdi. Poetik düşüncə kimi qurulmuş tamaşa "Adajio" adlanır. Tamaşanın quruluşçuplastik həll üzrə rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, digər rejissoruquruluşçu rəssamı, həm də musiqi tərtibatçısı Əməkdar artist Nargilə Qəribova, rəqslərin quruluşçusu isə Elnur İsmayılovdur.

Tamaşada rolları Əməkdar artist Nargilə Qəribova, Bəhruz Əhmədli, Nurlan Rüstəmov, Elnur İsmayılov, Ceyhun Dadaşov, Solmaz Bədəlova, Səbinə Hacıyeva, Səbirə Həsənova, Rafiz Mehdizadə, Nuridə Musabəyli, Cavad Nuriyev, Leyla Atayeva ifa edirlər.

Bu yerədək oxuduqlarınız informasiya idi. İndisə keçək təəssürata...

Pantomima teatrında hələ ilin əvvəlindən "Adajio" adlı tamaşanın məşqlərinə başlanıldığı barədə xəbər yayılmışdı. Teatrsevərlər, xüsusən də bu teatrın pərəstişkarları "Adajio"nu səbirsizliklə gözləyirdilər.

Bilənlər bilir, bilməyənlərə də məlumat verək ki, musiqi nəzəriyyəsində adajio əsas musiqi templəri arasında ləngliyinə görə ikinci dərəcəli temp sayılır. İriorta həcmli musiqi əsərlərində, yəni simfoniya, sonata və kvartetlərdə adətən əsərin orta hissəsi, baletlərdə isə sakit templi musiqi ilə müşayiət olunan rəqsin ləng hissəsi adajio adlanır. Rəqs elementləri, jest və hərəkətlər üzərində qərarlaşan pantomima özü elə musiqili teatr ilə dramatik teatrın tən ortasında olduğundan tamaşa üçün seçilmiş isim maraqlı təəssürat vəd edirdi. Axı, balet tamaşasında adajio həm də əsas qəhrəmanların duet rəqsi olub əsərin əsas məğzinin açılmasına xidmət edir.

...Səhnə işıqlanır... Şəhər parkını xatırladan yığcam məkanla üzbəüz qalırıq. Bu parkda altı heykəl var. Görkəmcə, daşıdığı ifadəyə görə bir-birini heykəltəraşlıq ansamblı olaraq tamamlayan altı qadın heykəli. Birbu parkda rahatca yatmış hal əhli Şair.

Səhər açılınca Şair oyanır və İlqar Fəhminin "Yağışam mən" şeiri ilə hər kəsi oyandırır. Dəqiqələr ötdükcə, tanınmış Azərbaycan şairlərinin situasiyaya uyğuncanlanan heykəllərin hələ heykəlləşməmişdən başlarına gələnləri çatdıran şeirləri altı qadının həyat hekayətini danışacaq. "Adajio"nun əsas yükünü daşıyan altı qadın sənətçi təxminən bir saat ərzində adidən adi qadın yaşantılarını, qadın həyəcan və sarsıntılarını, ən ülvi istək və diləkləri çatdırmaq üçün səmazənlərin düşdüyü trans vəziyyətindən az qala hər kəsə tanış ayrılıq, həsrət və vüsal anlarını çatdırmaq üçün haldan-hala düşdülər. Bu halları ilə də salonda əyləşmiş tamaşaçıları iki həqiqətin mövcudluğuna bir daha inandırdılar. Əgər bu həqiqətlərdən biri istifadə edilən şeir parçalarının poetik gözəlliyi və insan qəlbinin döyüntülərini ifadə etmək hünəri idisə, digəri pantomim aktyorlarının bütün bunları çatdırmaq məharəti idi. Qəlbən saflanmaq, nə zamansa yaşadığın hisslərin xatirəsini təkrarlamaq istəyənlər "Adajio"nu ötürməsin. Pantomima teatrı bu bazar günü - iyulun 17-də mövsümə məhz bu tamaşa ilə yekun vuracaq.

... Məşhurluğundan asılı olmadan bütün heykəlləri kiməsə baxıb düzəldirlər. Həmin kimlərin də öz tarixçəsi, öz acılı-şirinli əhvalatı var. Odur ki, yolunuz düşən məkanlarda, xüsusən də parklarda qoyulmuş qadın heykəllərinin yanından biganə keçməyin. Bilmək olmaz, bəlkə başlarına gələnləri sizə danışdılar...

 

Gülcahan Mirməmməd

Mədəniyyət.-2016.- 13 iyul.- S.6.