Milli Kitabxanada Onlayn Kompüter Kitabxana Mərkəzinin nümayəndələri ilə görüş

İyulun 12-də Onlayn Kompüter Kitabxana Mərkəzinin (OCLC) nümayəndələri Sezen Tan, Sinan TanCazerine Furet Azərbaycan Milli Kitabxanasında olublar.

OCLC dünya kitabxanalarının üzv olduğu qlobal şəbəkədir. Bu sistem vasitəsilə kitabxanalar topladığı bilik və informasiyanı dünya miqyasında bölüşürlər.

Görüşdə OCLC-nin qlobal fəaliyyət və təşəbbüsləri haqqında söhbət açılıb, kitabxanaların qarşılıqlı əməkdaşlıqdan əldə edə biləcəyi faydalar açıqlanıb.

Söhbət zamanı OCLC məhsulları nümayiş etdirilib, həmçinin kitabxana resurslarının araşdırılması və çatdırılması üçün dünyada ən geniş və zəngin olan Worldcat sisteminə - dünya kataloquna qoşulmanın faydaları haqqında təqdimatlar edilib. Hər iki tərəf görüşdən məmnun qaldığını söyləyib.

Milli Kitabxananın direktoru Kərim Tahirov edilən təkliflər ətrafında müzakirə aparılacağını və toplu kataloqa qoşulmanın imkanları və qiymətləri aparıcı iri kitabxanalarda müzakirə olunaraq müəyyən qərar qəbul ediləcəyini bildirib.

Qonaqlara ölkəmizlə bağlı kitablar hədiyyə edilib.

 

Mədəniyyət.-2016.- 13 iyul.- S.7.