Gənc Tamaşaçılar Teatrının direktoru yubileyi münasibətilə mükafatlandırılıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə və 60 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

Mübariz Həmidov 1956-cı il iyulun 12-də Göyçay şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsini bitirib.

1979-2000-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor, 2000-ci ildən 2006-cı ilin yanvar ayına kimi Mədəniyyət və Turizm Nazirliyi İncəsənət baş idarəsində (hazırda İncəsənət şöbəsi) aparıcı mütəxəssis, baş mütəxəssis və baş məsləhətçi vəzifələrində çalışıb.

2000-ci ildə Azərbaycan teatr sənətinin inkişafında səmərəli fəaliyyətinə görə Əməkdar artist fəxri adı ilə təltif olunub.

2006-cı ilin yanvar ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru vəzifəsinə təyin edilib.

Onun teatra rəhbərlik etdiyi müddətdə kollektiv Türkiyənin, Rusiyanın müxtəlif şəhərlərində, Belarus, Şri-Lanka, Birləşmiş Ərəb Əmirliyi, İran, Böyük Britaniya və digər ölkələrdə qastrolfestivallarda uğurla çıxış edib.

Mübariz Həmidov 2011-ci ildə Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) Azərbaycan Milli Mərkəzinin prezidenti seçilib.

Azərbaycan və Rusiya teatrları arasında yaradıcılıq əlaqələrinin qurulmasında xidmətlərinə görə 2014-cü ildə Rusiya Federasiyası Kalmıkiya Respublikasının Əməkdar incəsənət xadimi adına layiq görülüb.

Mədəniyyət.-2016.- 13 iyul.- S.7.