Millət vəkilindən kitab sovqatı

Şirvan şəhər Mərkəzi kitabxananın qarşısındakı parkda Milli Məclisin deputatı Rafael Cəbrayılov tərəfindən kitabxanaya hədiyyə olunmuş kitabların sərgisi keçirilib.

Tədbirdə deputatın köməkçisi Faiq Bayramov qeyd edib ki, R.Cəbrayılov ötən il seçkiöncəsi əhali ilə görüşü zamanı Şirvan şəhər Mərkəzi kitabxanasına baş çəkmiş və fond üçün zəruri ədəbiyyatın alınmasına köməklik göstərəcəyini söz vermişdi. Kitabxana tərəfindən təqdim olunan ədəbiyyat siyahısına əsasən 107 adda 110 nüsxə kitab kitabxanaya hədiyyə olunub.

Şəhər Gənclər və İdman idarəsinin rəisi Azər Quliyev, MKS-nin direktoru İltifat Nəbiyev, Şirvan şəhər sakini Nicat Həsəliyev hədiyyə olunan kitablara görə millət vəkilinə təşəkkürünü bildiriblər. Şəhər sakinləri nümayiş olunan kitablarla tanış olublar.

Mədəniyyət.-2016.- 13 iyul.- S.11.