Rəssamlıq Akademiyasında “Birlik” sərgisi

İyulun 11-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində “Birlik” rəsm sərgisinin açılışı olub. Sərgi tədris ocağının və Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin birgə təşəbbüsü ilə keçirilir.

Tədbirdə çıxış edən ADRA-nın prorektoru Azad Zeynalov bildirib ki, dünyanın bir sıra peşəkar və həvəskar rəssamlarının birgə sərgisinin keçirilməsi “Saf rənglər” IV beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalının təşkilinə göstərilən köməyə görə təşəkkür xarakteri daşıyır.

Qeyd edək ki, “Saf rənglər” yaradıcılıq festivalı mayın 25-dən iyunun 14-dək ADRA-nın muzey-sərgi kompleksində keçirilib. Festivalda 30-dək rəssamlıq studiyası, incəsənət məktəbi ilə yanaşı, Türkiyə, Fransa, Kuba, Koreya, Çin, Belarus, Misir, Mərakeş, Pakistan, Almaniya, Hindistanbaşqa ölkələrdən uşaqların əl işləri təqdim olunub.

Birlik” sərgisində Meksikanın Azərbaycandakı səfirinin xanımı Edit Orteqa, kolumbiyalı həvəskar rəssam Karmen Sesilia Kuellar de McMichen, Qafqaz UniversitetiQafqaz Araşdırmalar İnstitutunun rəhbəri Mehmet Rıhtım və bir sıra azərbaycanlı rəssamların əsərləri nümayiş olunur.

Tədbirdə bu ildən ADRA-da fəaliyyətə başlamış müxtəlif incəsənət növləri (rəsm, heykəltəraşlıq və s.) üzrə hazırlıq kurslarının ilk məzunlarına və “Saf rənglər” IV beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalı təşkilat komitəsinin iştirakçılarına sertifikatlar təqdim olunub.

Sərgi bir həftə davam edəcək.

Mədəniyyət.-2016.- 13 iyul.- S.12.