Musiqili Teatrın direktoru yubileyi münasibətilə mükafatlandırılıb

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Naxçıvan MR-in Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə və 60 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

Əliqismət Hümmət oğlu Lalayev 1956-cı ildə Salyanda anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib.

Təyinatla Naxçıvan Muxtar Respublikasına göndərilib, 1988-ci ilədək Naxçıvan Dövlət Musiqili Dram Teatrında yaradıcılıq fəaliyyətini davam etdirib. Burada quruluşçu rejissor vəzifəsində çalışan gənc, istedadlı aktyorrejissor ilk tamaşalarından teatr ictimaiyyətinin diqqətini cəlb edib, hazırladığı əsərlər səhnə yozumu ilə fərqlənib. Ə.Lalayev 1986-cı ildə Naxçıvan MR-in Əməkdar incəsənət xadimi fəxri adına, eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mükafatlarına layiq görülüb.

1988-ci ildən Salyanda “Qələbə” qəzetinin redaksiyasında məsul katib, rayon Mədəniyyət şöbəsinin müdiri vəzifələrində işləyib, 1993-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktor müavini təyin edilib. 1995-2008-ci illərdə Mədəniyyət Nazirliyi İncəsənət baş idarəsinin rəisi, Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri vəzifələrində çalışıb. 2008-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrının direktorudur.

Mədəniyyət.-2016.- 6 iyul.- S.7.