“Şəhid, səndən başlayır Vətən”

Milli Qəhrəman haqqında sənədli film təqdim olundu

 

İyulun 1-də Azərbaycan İstiqlal Muzeyində Milli Qəhrəman Səyavuş Həsənova həsr olunmuş “Şəhid, səndən başlayır Vətən” adlı sənədli filmin təqdimatı keçirildi.

Film muzeyinTorpaq, uğrunda ölən varsa, vətəndir” layihəsi çərçivəsində İctimai Televiziyanın “Carçıfilm” yaradıcılıq birliyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov tərəfindən ekranlaşdırılıb.

Muzeyin Elmi-kütləvi işlər şöbəsinin müdiri Sədi Mirseyibli çıxış edərək qəhrəman şəhidin ömür yolundan söz açdı. Qeyd olundu ki, Səyavuş Həsənov 1964-cü il yanvarın 20-də Şərur rayonunda anadan olub. Bakıda 54 saylı texniki-peşə məktəbini bitirib. Stavropolda hərbi xidmətini başa vurduqdan sonra Tümenə işləməyə gedib. Ermənistanın Azərbaycana hərbi təcavüzü başlayandan sonra vətənə qayıdıb, könüllü müdafiə batalyonuna yazılıb. Goranboy, Gədəbəy və Şuşada düşmənə qarşı döyüşlərdə xüsusi igidlik göstərib. 1992-ci il iyunun 25-də Ağdərə rayonunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub, ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.

S.Mirseyibli bildirdi ki, belə tədbirlərin təşkil olunmasında məqsəd ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış mərd vətən övladlarının nəsillərə örnək olan həyat yolunu təbliğ etməkdir.

Milli Qəhrəmanın oğlu Həsən Həsənli, döyüş yoldaşı Telman Tağıyev və digər yaxınları çıxış edərək tədbirin təşkilində əməyi keçən hər kəsə minnətdarlıqlarını bildirdilər.

Çıxışlardan sonra “Şəhid, səndən başlayır Vətən” sənədli filmi nümayiş olundu.

Fariz Hüseynov

Mədəniyyət.-2016.- 6 iyul.- S.14.