Rusiya saytı yay istirahəti üçün “Şahdağ”ı tövsiyə edir

 

Rusiyanın Forbes.ru saytı aktiv yay istirahəti üçün müxtəlif ölkələrdə fəaliyyət göstərən 10 məşhur istirahət mərkəzinin adını açıqlayıb.

Saytda yer alan məlumatda Rusiya vətəndaşlarına xaricdə istirahət üçün bir neçə əlverişli məkan tövsiyə olunub. Bu məkanlar sırasında Azərbaycanın Qusar rayonu ərazisində yerləşən “ŞahdağTurizm Mərkəzi ilk üçlükdə yer alıb.

SaytdaŞahdağkompleksi haqqında ətraflı məlumat da yerləşdirilib. Qeyd olunur ki, turizm mərkəzində zip-line, bob-kartinq azarkeşləri üçün lazım olan hər şey var. Trottinete, dağ velosipedi ilə səyahət turistlərə böyük zövq verəcək. Macəra və adrenalin həvəskarları dağ silsiləsi boyunca istirahət zamanı unudulmaz anlar yaşayacaqlar. Çayda üzmək, serfinq macərası, paraplanla uçuş - burada hərənin öz ekstremal arzusunu gerçəkləşdirmək imkanı var.

“Şahdağ”ın ilk üçlükdə qərarlaşdığı top-onluqda sıralanma belədir: Krasnaya Polyana (Soçi, Rusiya), Çimbulak (Qazaxıstan), “Şahdağ” (Azərbaycan), Şereqeş (Kemerova vilayəti, Rusiya), Bakuriani (Tbilisi), Bukovel (Ukrayna), İnsbruk (Avstriya), La Molina (İspaniya), Biarriç (Fransa), Enqadin-Sankt-Moriç (İsveçrə).

Qeyd edək ki, Forbes.ru saytı hotel axtarışı üzrə bələdçi RoomGuru.ru saytı ilə birlikdə ən çox harada daha güclü emosiya hiss etmək və aktiv istirahət üçün əlverişli kurortların siyahısını da təqdim edib. Siyahıda ikinəfərlik aviauçuş, yeddigünlük istirahət və bir neçə əyləncə növünün qiymətləri də göstərilib.

 

Mədəniyyət.- 2016.- 22 iyul.- S. 8.