Olimpiya Oyunları gənc rəssamların təxəyyülündə

Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən layihə çərçivəsində “Olimpiya Oyunları gənc rəssamların təxəyyülündə” devizi altında sərgi təşkil olunub.

Quba Gənclər Mərkəzində sərginin açılış mərasimində çıxış edən təşkilatın sədri Ramin Mahmudov son illərdə ölkəmizin əldə etdiyi idman uğurlarından söz açıb. O, layihənin avqust ayında Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında idmançılarımıza ictimai dəstək məqsədi daşıdığını bildirib. Layihə həmçinin istedadlı gənclərin üzə çıxarılmasına xidmət edir.

Sonra sərgi izləyicilər üçün açıq elan edilib. Sərgidə Quba rayonunun müxtəlif kəndlərindən 76 nəfərin 82 əl işi nümayiş etdirilib.

Münsiflər heyətinin qərarına əsasən sərgi iştirakçılarına, qalib və mükafatçılara diplomlar təqdim edilib.

Amsar kənd sakini Lamiyə Babayeva, Ağbil kəndindən Nərmin Sultanova, Zərdabi qəsəbəsindən Murad Hacıyev, Quba şəhərindən Fəridə Həşimova və Nərmin Kərimova I mükafata layiq görülüb. 7 nəfər II, 9 nəfər isə III mükafatla təltif olunub.

 

Mədəniyyət.- 2016.- 29 iyul.- S.5.