Nadir almazın axtarışı

 

 

"Xeyirlə Şərin rəqsi" bədii filminin təqdimatı keçirildi

 

Mayın 27-də Nizami Kino Mərkəzində "Xeyirlə Şərin rəqsi" filminin təqdimat mərasimi keçirildi. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Xalq yazıçısı Çingiz Abdullayevin "Quba kapriççiosu" romanı əsasında ekranlaşdırılan filmə Əməkdar incəsənət xadimi Yavər Rzayev quruluş verib.

 

Təqdimat mərasimində çıxış edən “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov son dövrdə istehsal edilən filmlər haqqında fikirlərini bölüşdü. “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” əsasında bir çox layihələr həyata keçirildiyini deyən direktor bildirdi ki, “Xeyirlə Şərin rəqsi” bədii filmi bu istiqamətdə növbəti uğurlu layihələrdən biridir. Milli Məclisin müzakirəsinə təqdim olunan kino haqqında yeni qanun layihəsi barədə də söz açan M.Hətəmov qeyd etdi ki, yeni qanun milli kinematoqrafın inkişafına təkan verəcək.

Ekran əsərinin rejissoru Yavər Rzayev çəkiliş prosesi və yaradıcı heyət haqqında məlumat verdi, ekran işinin ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkürünü bildirdi.

Xalq yazıçısı Çingiz Abdullayev bildirdi ki, onun əsərləri əsasında bu günədək 10 film çəkilib və bu, Azərbaycanda çəkilən üçüncü filmdir. Bu gün Azərbaycan yazıçılarının əsərlərinin Avropa ölkələrində tanınması, onların əsərləri əsasında filmlərin lentə alınması ölkəmizin uğuru kimi qəbul edilməlidir.

Ekran əsərində baş rolu ifa edən müğənni İlqar Muradov Dronqo rolunda çəkilməkdən böyük şərəf duyduğunu bildirdi. Aktyor Çingiz Abdullayevə filmin qəhrəmanının əsas atributunu - çəlik bağışladı.

Filmin bəstəkarı Xalq artisti Siyavuş Kərimi yaradıcı heyəti təbrik edib, uzun illərdir dostluq etdiyi İlqar Muradovun Dronqo obrazının öhdəsindən bacarıqla gəldiyini vurğuladı.

Filmin süjet xəttini Çingiz Abdullayev məşhur ədəbi qəhrəmanı - xəfiyyə Dronqonun Azərbaycanın dağlıq rayonunda - Qubadakı Qırmızı qəsəbədə baş verən müəmmalı hadisəni araşdırması təşkil edir. Yəhudi ailəyə məxsus nadir, çoxəsrlik “Şah Abbas” almazı itir. Ailə almazın tapılması üçün Dronqoya müraciət edir. Onun axtarışları zamanı iki cinayət hadisəsi də baş verir...

Ekran əsərinin quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Çəkilişlər Bakıda və Quba rayonunda aparılıb.

Filmdə xalq artistləri Məbud Məhərrəmov və Şükufə Yusupova, əməkdar artistlər Qurban İsmayılov, Ayşad Məmmədov, Şövqi Hüseynov, aktyorlar Əjdər Zeynalov, Rasim Cəfərov, Münəvvər Əliyeva və digərləri çəkiliblər.

 

Lalə

Mədəniyyət .- 2016.- 1 iyun.- S.6