Məktəblərin bayram konsertləri

 

 

Respublika Günü münasibətilə Sumqayıt şəhər Ə.Bakıxanov adına uşaq incəsənət məktəbinin müəllim və şagird kollektivi Bülbül adına uşaq incəsənət məktəbində hesabat konserti ilə çıxış edib.

Tədbirdə Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov çıxış edib. O, məktəblərdə yeni kollektivlərin yaranmasını yüksək qiymətləndirərək xoş arzularını çatdırıb.

Konsertdə məktəbin xor kollektivinin və gənc solistlərin ifasında bəstəkar və xalq mahnıları, xalq çalğı alətləri və nağaraçalanlar ansambllarının, qızlardan ibarət rəqs qrupunun və “Fidanlar” rəqs kollektivinin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Fortepiano sinfi şagirdlərinin ifasında əsərlər də maraqla dinlənilib.

* * *

Hacıqabul şəhər Folklor klubunda musiqi məktəbi kollektivinin hesabat konserti olub. Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elnur Əmiraslanov və Təhsil Şöbəsinin müdiri Şükür Məmmədov çıxış edərək şəhər musiqi məktəbinin il ərzində gördüyü işlərdən, qazandıqları uğurlardan danışıblar. Sonra il ərzində rayonun mədəni-kütləvi tədbirlərində fərqlənən məktəbin bir qrup müəllim və şagirdinə diplom və fəxri fərmanlar təqdim olunub.

Məktəbin müəllim və şagird kollektivinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının musiqiləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

* * *

Respublika Günü münasibətilə Qusar rayon Uşaq incəsənət məktəbinin müəllim və şagird kollektivi hərbi hissədə “Bura Vətəndir” adlı bədii proqram təşkil edib. Konsert proqramında məktəbin xalq çalğı alətləri ansamblının müşayiəti ilə müəllimlər Cəmilə ZalovaTelli Eyyubovanın ifasında vətənpərvərlik mahnıları səsləndirilib. Rəqs qruplarının, solo ifaçılarının və skripkaçıların ifaları hərbçilər tərəfindən alqışlarla qarşılanıb.

Sonda hərbi hissənin komandanlığı məktəbin direktoru Reyhan Bağışovaya mədəni hamiliyə görə fəxri fərman təqdim edib.

 

Mədəniyyət.- 2016.- 1 iyun.- S.11