Fransız etnoqrafın gördüyü Azərbaycan

 

 

“Dərbəndlə Bakını ayıran məsafəni bir ilə yaxındır ki, istifadədə olan dəmiryolu vasitəsilə qət etdik... Yolumuzun birinci hissəsi çox mənzərəli diyardan keçirdi...

Dəniz ləpələrilə yuyulan, ən yüksək nöqtəsində qala ucalan təpənin yamacında yerləşən qədim Bakını daş hasar əhatə edir. Dəniz kənarının görünüşü valehedicidir...”

 

Bu fikirlər fransız etnoqrafı, arxeoloq, səyyah, Paris Coğrafiya Cəmiyyətinin üzvü Baron de Bayın (1853-1931) «Tatarlar: Dərbənddən Yelisavetpola» adlı yol xatirələrində yer alıb. Həmin yol qeydləri Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə “Gələcəyə Baxış” Təhsilin İnkişafı İctimai Birliyi tərəfindən fransız, Azərbaycan və rus dillərində hazırlanaraq çap olunub. Layihənin rəhbəri ictimai birliyin sədri Mir Abas Məmmədovdur.

Fransız etnoqrafın qeydləri 1901-ci il martın 8-də Paris Coğrafiya Cəmiyyətinin iclasında təqdim olunan hesabatıdır. Xalqımızdan “tatar”, “azərbaycanlı tatarlar”, “tatar azərbaycanlılar” deyə bəhs edən müəllif ona tapşırılan missiyanın əsas məqsədinin “Mərkəzi Rusiyanın bir neçə tarixi şəhərini ziyarət etmək” və “Azərbaycanlı tatarların yaşadığı Transqafqaziyaya (Cənubi Qafqaz) tədqiqat səfəri həyata keçirmək” olduğunu bildirir.

O, tədqiqatında ermənilərin Cənubi Qafqaza və Azərbaycan ərazilərinə sonradan köçürüldüyünü, ruslara sığındıqlarını qeyd edir: Rusiya tərəfindən istila olunmuş ərazilərdə yerləşdirilmiş kəndli və tacir ermənilər heç bir qarşıdurma, müqavimət göstərmədən Rusiya müstəmləkəsinə çevrildikləri üçün onların mühafizəsi ruslar tərəfindən təmin olunmuşduonlar hadisələrin yeni gedişatında əlverişli mövqe əldə etmişdilər”.

Müəllif gürcü və ermənilərdən fərqli olaraq azərbaycanlıların yadellilərə qarşı ciddi müqavimət göstərdiklərini qeyd edir: “Tatarlar (azərbaycanlılar - F.Y.) isə, əksinə, İranın belə təsir edə bilmədiyi, sadəcə himayəçilik etdiyi xanlıqların müstəqilliyini qoruyub saxlamaq üçün istilaçılara qarşı inadla savaşmağa başladılar. Amma onlar öz torpaqlarını qorumaq və azadlıqlarını saxlamaq üçün ciddi müqavimət göstərsələr də, qüvvətli rus ordusunun qarşısında dayana bilmədilər”.

Ölkəmizə səfəri zamanı etnoqraf ilk olaraq əhalisinin böyük əksəriyyəti Azərbaycan türklərindən ibarət olan qədim Dərbənd şəhərindən söz açır. Şəhərin əsasının qoyulması haqqında əfsanəni xatırladır, “14 məscidi, bazarı, sirli evləri”ni təsvir edir, Xəzər dənizini isə “Şərqin xalısı” adlandırır.

Fransız səyyahın Bakı haqqında təəssüratları da maraqlıdır. O, ilk növbədə burada tanınmış ictimai xadim, jurnalist, pedaqoq və yazıçı Əhməd bəy Ağaoğlu (1869-1939) ilə tanış olduğunu, onun fransızca gözəl danışdığını, Əhməd bəyin həmvətənlərimiz haqqında qiymətli sənədlər təqdim etdiyini bildirir.

Bakının tarixi məkanlarından söz açan Baron de Bay “Atəşgah” məbədi, Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı və digər memarlıq nümunələri haqqında məlumat verir. Sarayın memarlıq elementlərinin orijinallığını, ornamentlərinin ecazkarlığını yüksək qiymətləndirən tədqiqatçı şəhərin memarlığı ilə bağlı bir məqamı xüsusi vurğulayır: “Bakının Şərq ruhu qorunub saxlanılmalıdır, kosmopolit Bakı onu yox etməyə çalışır”.

Səyyah sonra Gəncə və onun ətrafında qərar tutan yaşayış məntəqələri haqqında söz açır. Bir neçə əsr yaşı olan dini abidələrdən danışan müəllif Şah Abbas məscidi, Yaşıl məscid və digər tikililərdən bəhs edir. Gəncə torpağının yetirməsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvi haqqında bilgi verir.

Baron de Bay araşdırmasının sonunda Azərbaycan xalqının etnik-mədəni sistemi haqqında o dövrədək formalaşan qərəzli yanaşmalara da münasibət bildirir. Müəllif yazır: “Tatarlar, şübhəsiz ki, Transqafqaz xalqları arasında ən az tədqiq edilən, ən az qiymətləndirilən və ən çox mühakiməyə məruz qalan xalqdır. Buna baxmayaraq, onlar təxəyyüllərinin rəngarəngliyi, yumoristik zövqləri, coşqun ruh yüksəkliyi, həyatsevərlikləri, şərəfi yüksək qiymətləndirmələri ilə bizdən fərqlənmirlər...”

Etnoqraf-səyyahın ölkəmizdə olduğu zaman səfər etdiyi bölgələrdə insanların məişətini əks etdirən fotoşəkilləri də kitabda əksini tapıb. Ümumiyyətlə, fransız araşdırıcının təqdim olunan yol qeydləri XIX yüzilliyin sonlarında ölkəmizin ictimai-mədəni həyatının müxtəlif tərəflərinin təsviri baxımından qiymətli mənbə hesab oluna bilər.

 

Fariz Yunisli

Mədəniyyət.- 2016.- 3 iyun.- S.15