Fiziki qüsurlu uşaqlar üçün şərhli cizgi filmlərinin təqdimatı

 

Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino xidməti idarəsi Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə paytaxtdakı 5 nömrəli respublika xüsusi internat məktəbində sağlamlıq imkanları məhdud görmə, eşitmə və nitq qüsuru olan uşaqlar üçün tiflosurdo şərhli cizgi filmlərinin təqdimatını keçirib.

Kino xidməti idarəsinin rəisi Gültəkin Nəriman, Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev görmə imkanları məhdud, eləcə də nitq və eşitmə qüsurlu insanlar üçün tiflosurdo tərcümə ilə müşayiət olunan filmlərin hazırlanmasının əhəmiyyətini vurğulayıblar.

Bakı Şəhər İcra Hakimiyyəti “Sərhədsiz incəsənət” layihəsində tiflosurdo tərcümə ilə müşayiət olunan filmlərin hazırlanmasında göstərdiyi dəstəyə görə Gözdən Əlillər Cəmiyyəti tərəfindən fəxri fərmanla təltif edilib.

Tədbirdə digər çıxış edənlər bu nəcib işə dəstək verən hər bir kəsə minnətdarlıq ediblər.

Sonra internat məktəbinin uşaqları tiflosurdo şərhli “Kirpi balası və alma”, “Qız qalası əfsanəsi” və “Lovğa fil balası” cizgi filmlərinə baxıblar.

 

Mədəniyyət.- 2016.- 3 iyun.- S.4