“Vergilər uşaqların gözü ilə"

 

Rəsm müsabiqəsinin yekun sərgisi

 

İyunun 1-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” qalereyasında Vergilər Nazirliyinin təşkilati dəstəyi ilə “Vergilər uşaqların gözü ilə" uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

Sarayın direktoru Bədayə Ramazanova müsabiqənin əhəmiyyətindən danışıb. Bildirib ki, müsabiqədə 5-8, 9-12 və 13-17 yaş kateqoriyalarına aid olan məktəblilər iştirak edib.

Vergilər Nazirliyinin idarə rəisi Mahir Rəfiyev bildirib ki, uşaq və gənclər arasında vergi biliklərinin artırılması və bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyi nəzərə alınaraq 2003-cü ildən rəsm və inşa müsabiqəsi keçirilir. Bildirib ki, hər il rəsm müsabiqəsində iştirak etmiş əl işləri nəfis albom şəklində nəşr edilirnazirliyin qatıldığı sərgi və tədbirlərdə nümayiş olunur. Mükafata layiq görülmüş rəsm əsərlərinin çoxu hazırda Vergilər Nazirliyinin inzibati binasının divarlarını bəzəyir.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgi çərçivəsində asfalt üzərində rəsmlər də maraqla qarşılanıb. Sərgidə Melisa Ağamalıyeva birinci, Nuray Həsənli isə ikinci yerə layiq görülüb. Digər qaliblərə də nazirliyin fəxri diplomları təqdim olunub.

 

Mədəniyyət.- 2016.- 3 iyun.- S.5.