Dünyanı uşaqlara verək

 

 

Bölgələrdə 1 iyun - Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

 

Siyəzən rayon uşaq incəsənət məktəbində Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə hesabat konserti keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, müxtəlif idarə və müəssisələrdən nümayəndələr, məktəbin kollektivi, məktəbəqədər təhsil müəssisələrinin müəllim və uşaqları iştirak edib. Musiqi məktəbinin xor kollektivi, nağaraçılar qrupu, məktəbin uşaq ansamblı və başqa şagirdlər maraqlı proqramla çıxış ediblər. Gələn tamaşaçılar bir-birindən rəngarəng çıxışlardan zövq alıblar.

* * *

Qazax rayon Mərkəzi kitabxanasında “Dünyanı verək uşaqlara” adlı şənlik təşkil olunub. Uşaq şöbəsinin müdiri Firəngiz Abdıyeva tədbiri açaraq qeyd edib ki, uşaqlar həyatımızın bəzəyi, sevinci, arzuümid payıdır. Hər bir ailənin səadəti, hər bir xalqın sabahı uşaqlarla bağlıdır. Məktəblilər şeirlər söyləyiblər. Sonda kitab sərgisinə baxış olub.

* * *

Neftçala rayon Mərkəzi kitabxanasında keçirilən tədbirdə Uşaq şöbəsinin müdiri G.Abdulhüseynova uşaqları əlamətdar gün münasibətilə təbrik edib. Şagirdlər şeirlər söyləyib, “Vətən torpağı”, “Halal pul” adlı səhnəciklər təqdim ediblər. Bir-birindən maraqlı rəqslər, vətənsevərlik ruhunda mahnılar tədbirə rəng qatıb.

* * *

Tərtər rayon MKS-də təşkil olunan tədbirdə direktor U.Qurbanova çıxış edərək uşaqlara göstərilən dövlət qayğısından danışıb. Aşağı sinif şagirdləri, uşaq bağçalarında tərbiyə alan fidanların iştirak etdiyi tədbirdə əl işlərindən ibarət sərgilər nümayiş olunub. Sonra uşaqlar şeirlər söyləyib, rəqs ediblər.

* * *

Qax Rayon İcra Hakimiyyətinin dəstəyi, Mədəniyyət və Turizm, Təhsil şöbələrinin təşkilatçılığı ilə “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib. Çıxış edənlər uşaqları bayram münasibətilə təbrik ediblər. Uşaqların ifasında mahnılar ifa olunub, şeirlər səsləndirilib, rəqslər təqdim edilib, əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub.

* * *

Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində şəhər 2 saylı məktəbin VII sinif şagirdi Gülçin Əzimzadənin rəsm əsərlərindən ibarət sərgi açılıb. Əl işləri ilə tanış olan tamaşaçılar balaca rəssam haqqında ürək sözlərini deyib, uğurlar arzulayıblar.

 

Mədəniyyət.- 2016.- 3 iyun.- S.7