Uşaqların bayram günündə açıq havada sərgi və konsert

 

 

İyunun 1-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə paytaxtda açıq havada Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş bayram tədbiri keçirildi. Nizami Kino Mərkəzinin arxasında, böyük bəstəkar Qara Qarayevin heykəlinin önündə təşkil olunan sərgi və konsert rəngli görüntülərlə yadda qaldı.

 

Tədbirə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkilləri, nazirliyin məsul şəxsləri, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyi, mədəniyyət və ictimaiyyət nümayəndələri, şəhər sakinləri qatılmışdılar.

İştirakçılar əvvəlcə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin rəsm əsərlərinə baxdılar. Sərgidə 50-dən çox məktəblinin Qarabağ, Vətən, ana, sülh və digər mövzularda rəsmləri nümayiş olunurdu.

Sonra paytaxtın uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin konsert proqramı təqdim edildi.

Proqramda Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, Qara Qarayevin "İldırımlı yollar" baletindən "Ehtiraslı qızların rəqsi", Tofiq Quliyevin "Zibeydə", Səid Rüstəmovun "Alagöz", Müslüm Maqomayevin "Azərbaycan" mahnıları və digər əsərlər yer almışdı. Həmçinin uşaqların ifasında milli rəqslər təqdim edildi.

Mahnı və rəqslər çoxsaylı izləyicilər tərəfindən böyük maraqla qarşılandı və alqışlarla müşayiət olundu.

 

Fariz

Mədəniyyət.- 2016.- 3 iyun.- S.8