“Bölgələrdən paytaxta” layihəsində Lənkəranın təqdimatı

 

Bənzərsiz təbiəti, zəngin mədəniyyət və mətbəxi turistlərin bu bölgəyə marağını artırır

 

Mədəniyyət və Turizm Nazirliyinin ötən ildən həyata keçirilən “Bölgələrdən paytaxta” layihəsi Bakı sakinlərini regionlarımızın sosial-iqtisadi inkişafı, mədəni irsi, adət-ənənələri, turizm imkanları ilə tanış edir. Layihə çərçivəsində 2015-ci ildə Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy, İsmayıllı, Şəmkir, Xaçmaz, Zaqatala, bu il isə Abşeron, ŞuşaQusar rayonlarının təqdimatları keçirilib.

 

İyunun 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında reallaşan növbəti təqdimat Lənkəran rayonuna həsr olunmuşdu.

Lənkəran Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və rayon Mədəniyyət və Turizm şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə teatrın foyesində qurulmuş sərgi ilə tanış oldular. Burada rayonun tarixini, mədəniyyətini, sosial-iqtisadi nailiyyətlərini, folklorunu, turizm imkanlarını əks etdirən stendlər, eləcə də rayonda istehsal olunan ərzaq məhsulları, dekorativ-tətbiqi sənət ustalarının əl işləri, yerli mətbəx nümunələri, Lənkəran haqqında nəşrlər nümayiş olunurdu.

Sərgilərlə tanışlıqdan sonra təqdimat teatrın zalında davam etdi.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, son illər Azərbaycanda mədəniyyət və turizm sahələrinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionların tərəqqisinə öz müsbət təsirini göstərir. Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş müvafiq dövlət proqramlarının icrası nəticəsində Lənkəran rayonunda da yeni mədəniyyət ocaqları yaradılıb, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülüb, turizm müəssisələri istifadəyə verilib.

Artıq ikinci ildir həyata keçirilən “Bölgələrdən paytaxta” layihəsinin əhəmiyyətindən danışan nazir qeyd etdi ki, layihə ölkəmizin zəngin mədəniyyətinin geniş təbliğinə, regionlararası mübadilənin güclənməsinə əlavə zəmin yaradır:Bu tədbirlərin hər birində bölgələrimizin mədəni özünəməxsusluğunu, zənginliyini daha aydın müşahidə edirik”.

Vurğulandı ki, Lənkəran Azərbaycan mədəniyyəti və tarixində xüsusi yeri olan bölgələrimizdəndir. Bu gün Azərbaycanın sürətlə inkişaf edən şəhərlərindən biri olan Lənkəranda yeni mədəniyyət ocaqları yaradılır, tarixi-mədəni irs qorunurinkişaf etdirilir.

Əbülfəs Qarayev qonaqpərvər sakinləri, zəngin mədəniyyəti və mətbəx nümunələri olan Lənkəranın həmçinin əsrarəngiz təbiəti ilə böyük turizm potensialına malik olduğunu diqqətə çatdırdı: “Xüsusilə qeyd edim ki, Lənkəran Azərbaycanın ən böyük turizm regionlarından və istiqamətlərindən biridir. Rayon təbiəti, zəngin mədəniyyəti və qədim tarixi abidələri ilə insanları cəlb edir. Əhalinin qonaqpərvərliyi, mətbəx mədəniyyəti də turizmin inkişafına müsbət təsirini göstərir. Rayonun Xəzər dənizi və sıx meşəli dağlarla əhatə olunan bənzərsiz təbiəti daim turistlərin bölgəyə marağını artırır. Azərbaycanın turizm inkişaf proqramlarında Lənkəran öndə gedən şəhərlərdəndir. Son illər görülən işlər nəticəsində burada da böyük turizm infrastrukturu formalaşıb. Bu da Lənkərana gələn turistlərin sayının ildən-ilə artmasına səbəb olur. Bu sahədə həyata keçirilən işləri davam etdirməklə regionun əlverişli turizm mərkəzinə çevrilməsinə çalışmalıyıq”.

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək bildirdi ki, “Bölgələrdən paytaxta” layihəsi rayonlarımızın mədəniyyətini, folklorunu, turizm potensialını nümayiş etdirmək imkanı yaradıb: “Bu gün mədəni irsimizin qorunması, təbliği istiqamətində ölkəmizdə səmərəli işlər görülür. “Bölgələrdən paytaxta” layihəsi tarixi keçmişimizin, milli mənsubiyyətimizin, ənənələrimizin təbliğ olunmasında böyük əhəmiyyətə malikdir. Layihə nəticəsində regionların iqtisadi, mədəni, sosial inkişafı ictimaiyyətə geniş şəkildə təqdim olunur”.

Qeyd olundu ki, rayonda mədəniyyət abidələri bərpa edilir, mədəniyyət obyektlərinin maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində işlər görülür.

Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim olundu.

Sonra rayonun müasir inkişafını, tarixi-mədəni zənginliyini əks etdirən videoçarx nümayiş etdirildi.

Mərasim Lənkəranda fəaliyyət göstərən bədii kollektivlərin və incəsənət ustalarının konsert proqramı ilə başa çatdı.

 

Fariz Hüseynov

Mədəniyyət.- 2016.- 8 iyun.- S.3.