Muzey Mərkəzində “Rənglərin formulu

 

Vüqar Muradov yeni sərgisini təqdim etdi

 

Açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, Vüqar Muradov məhsuldar rəssamdır, davamlı yaradıcılıqla məşğul olur, sərgilər keçirir. Rəssamın hər sərgidə sənətsevərlərə yeni-yeni əsərlər təqdim etdiyini bildirən nazir müavini bu dəfə də tamaşaçıların sərgidən böyük mənəvi duyğularla ayrılacaqlarını söylədi: “Sərgilənən əsərlərlə öncədən tanış oldum. Vüqarın yaradıcılığındakı inkişafı aydınca gördüm. Rəssam bizə hər dəfə yeni əsərlər təqdim etməyi bacarır. Ona yaradıcılığında uğurlar və tükənməyən ilham arzulayıram!”

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov müəllifin yaradıcılıq özəlliklərindən söz açdı. Qeyd etdi ki, rəssamın hadisələrə yaradıcı münasibəti sonda ürəyəyatımlı, bizi duyğulandıran əsərlərin yaranmasına səbəb olur. Hər bir əsərdə rəssamın gərgin zəhməti, sənətə yanğısı və qayğısı aydınca hiss olunur.

Sərginin səbəbkarı mərasimdə çıxış etmədi, əsərlərin tamaşaçılara daha çox söz deyə biləcəyini söylədi.

Sonra sərginin açılışını bildirən lent kəsildi, iştirakçılar əsərlərlə tanış oldular. Sərgidə 100-dən çox əsər nümayiş olunurdu.

Vüqar Muradov 1967-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Müxtəlif mükafatlar qazanıb, kataloqlarda əsərləri dərc olunub.

V.Muradovun yaradıcılığının başlıca xüsusiyyəti onun müstəvi, ornamental və işarəvi vizual təsvir ənənələrinə sadiqliyidir. Rəssam yaradıcılığında əşyanın öz fərdi simvoluna çevrilmə dinamikasını müşahidə edir. Əsərin süjetionun ideya məzmunu rəssamın diqqətini çox da çəkmir. Onu kətan üzərində mövzunun formal izahı, seyrçi üçün tanış üçölçülü təsvirin ikiölçülü obraza, ideyaya çevrilməsi maraqlandırır.

Rəssam müxtəlif beynəlxalq və yerli sərgi, simpoziumların iştirakçıdır. Əsərləri ABŞ, Türkiyə, İtaliya, Fransa, Almaniya, Niderland, Belçika, Lüksemburq, İrans. ölkələrdə nümayiş olunub, şəxsi kolleksiyalarda saxlanılır.

Muzey Mərkəzində “Rənglərin formulu” sərgisi iyunun 7-də başa çatdı.

 

S.Qaliboğlu

Mədəniyyət.- 2016.- 8 iyun.- S.9.