Ruhumuzu ovunduran ustad

 

 

Vamiq Məmmədəliyevin adını ilk dəfə görkəmli tarzən, Xalq artisti Bəhram Mənsurovun dilindən eşitmişdim. 1973-cü ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olanda məni Bəhram Mənsurovun muğam sinfinə təyin etmişdilər. Bəhram müəllimin tələbələri say etibarilə o qədər də çox deyildi və əksəriyyəti texnikumdakı həmkarlarından yaşca böyük idilər. Bəziləri artıq başqa sənət üzrə təhsil görmüşdülər: Valeh Qəhrəmanov NeftKimya İnstitutunda oxumuşdu, Vamiq Məmmədəliyev Mədəni-Maarif Texnikumunu bitirmişdi, artıq özü müəllim idi, Faiq Çələbiyev də böyük həyat təcrübəsi qazanmışdı, Mahmud Əliyev isə hərbi xidmətdə olmuşdu. Bu gəncləri A.Zeynallı adına Musiqi Texnikumuna gətirən muğam sevgisi və B.Mənsurovun tədris etdiyi muğam məktəbinə hədsiz maraq, həvəs idi. Gənclərin saf hisslərini, böyük həvəslərini görən Bəhram müəllim özüonlara münasibətdə olduqca səmimi, mehriban və qayğıkeş idi. Onları öz ailəsinin üzvü bilir, öz oğlanlarından ayırmazdı. Tədris məqamında isə bütün biliyini, zəngin təcrübəsini səxavətlə onlarla bölüşürdü, onların uğurlu ifalarından ləzzət alır, gələcəkdə mahir tarzənlər olacaqlarına qəlbən inanırdı. Həm sinif, həm yaş etibarı ilə kiçik olan tələbələrə Bəhram müəllim yaşlı tələbələrinin uğurlarını nümunə kimi göstərirdi. Beləcə Vamiq Məmmədəliyevin hələ üzünü görmədən adını eşitmişdim və mənim üçün o vaxtlar Vamiq bir sirli “qəhrəmana” çevrilmişdi. Texnikumda sinif məhdudluğu olduğu üçün B.Mənsurov dərslərini evdə keçməli olurdu. Əlbəttə, hər tələbənin öz günü, saatı var idi və tələbələr çox vaxt bir-birini görə bilmirdi. Lakin texnikumun koridorlarında və ya küçədə görüşərkən bir ailənin üzvü kimi görüşür, ildən-ilə daha da doğmalaşırdıq.

Vamiq Məmmədəliyev 1946-cı il iyunun 9-da Bakının qədim Kürdəxanı kəndində dünyaya göz açmışdır. Bu kəndin özünəməxsus tarixi, adət-ənənəsi, özəlliyi hamıya bəllidir. Klassik poeziyayamuğamlara olan sevgisilə Kürdəxanı kəndi həmişə seçilib. Məmmədəliyevlər ailəsində musiqiyə olan böyük hörmət Vamiqikiçik yaşlarından özünə cəlb ediro bütün qəlbilə tara bağlanır. Kənddə olan toy məclisləri, bu toylarda iştirak edən xanəndələrin, tarzənlərin ifası, məktəbli Vamiq üçün ilkkonservatoriya” dərsləri idi. Əlbəttə, B.Mənsurovun ifasını dəfələrlə kənddəki toylarda eşitmişdi, sevmişdi. Lakin gənc yaşlarından Vamiqi fərqləndirən cəhətlərdən birio idi ki, Vamiq Azərbaycan muğamı ifaçılığında mövcud olan bütün məktəbləri, bütün üslubları öyrənmək, bilmək istəyirdi. Odur ki, böyük muğam müəllimlərindən Əhməd Bakıxanovun, Kamil Əhmədovun da dərslərindən, çalğı üslubundan qidalanırdı. Daha sonra müasiri olduğu əksər xanəndə və tarzənlərlə yaxın dostluq münasibəti yaradır, görür, götürür. Əslində Vamiq Məmmədəliyevin xasiyyətində olan sadəlik, həlimlik, mərdlik, dürüstlük hamıda ona qarşı gözəl, səmimi münasibətlərin yaranmasına zəmin olurdu. Belə ki, gənc yaşlarından bu günə kimi onun dostu, yoldaşı, xətrini istəyəni çoxdur. Hələ musiqi texnikumunu bitirmədən o artıq neçə-neçə xanəndəni toylarda müşayiət edir, tarının səsi radiodan, televiziya ekranlarından eşidilirdi. Çalğısında müxtəlif məktəbləri qovuşdura bilməsi onun əksər xanəndələr üçünrahat müşayiətçi” kimi qəbul edilməsinə imkan verirdi. Bu isə o demək idi ki, Vamiq Məmmədəliyev xanəndələr tərəfindən “tələb olunan”, “arzulanan” tarzən idi. Həm də bu xanəndələr müxtəlif yaşlı, müxtəlif üslublu olsalar da, Vamiq hamı ilə “dil tapabilirdi. Cəsarətlə demək olar ki, V.Məmmədəliyev öz müasirləri olan bütün xanəndələrlə, yaşlı və gənc sənətkarlarla layiqincə çalıb-çağırmışdır. Əslində, bu taleyin bir xoş qisməti, bəxtinin uğuru idi. XX əsrin 90-cı illərindən V.Məmmədəliyevin ifası artıq Azərbaycanın sərhədlərini aşıb-keçmişdi, onu dinləyənlər də, sevənlər də ildən-ilə artırdı. 1985-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) bitirən V.Məmmədəliyev 1988-ci ildən bu təhsil ocağına muğam müəllimi kimi dəvət olunur. 2000-ci ildən isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dəvət edilir. Daha sonra Azərbaycan Milli Konservatoriyasına da dəvət olunan Vamiq Məmmədəliyev mahir tarzən, gözəl pedaqoq olmaqla bərabər, həm də nadir muğam bilicisi olmasını təsdiqləmiş oldu. Gənclik illərindən dərs aldığı ustad tarzənlər, müşayiət etdiyi böyük xanəndələrlə çalışmaq, özünün daim arayıb-axtarması, oxuduğu kitablar, etdiyi təhlillər, ən vacibi isə həmişə muğam bilənlərlə oturub-durması Vamiq Məmmədəliyevi bir şəxsiyyət kimi, kamil muğam sənətkarı kimi yetişdirmiş, püxtələşdirmişdir. Bu gün Vamiq Məmmədəliyev əsl sənətkar ömrünü yaşayır. Adı hər yerdə hörmətlə çəkilən tarzən respublikanın Əməkdar artisti kimi fəxri adı daşıyır. Neçə-neçə ali məktəbdə tələbələri var. Gözəl ailə başçısı, səmimi dost, olduqca maraqlı müsahib, zəngin qəlbə malik olan insandır. Maraqlıdır ki, onunla hər görüşəndə ayrılmaq çətin olur. Çünki mənalı, duzlu-məzəli söz-söhbətindən, dərin biliyindən, geniş dünyagörüşündən, zarafatlarından doymaq mümkün deyil. Artıq dünyasını dəyişmiş neçə-neçə ustad xanəndədən, ünsiyyətdə olduğu böyük sənətkarlardan xatirələr danışdıqca onun qəlbində necə böyük bir xəzinənin qərar tutmasına heyran qalmamaq olmur. Neçə dəfə üz vurub, xahiş etmişəm ki, bu söz-söhbəti təkcə “ürəkdə saxlamaq” “günahdır”, bir xatirə dəftəri yaz, qalsın. O isə özünəməxsus əda ilə daha bir məzəli əhvalat danışıb soruşur ki, - “Bunu da yazım?” və ürəkdən gülür...

Nikbin ruha, incə və cavan bir qəlbə malik olan dostumuzun ömrünün 70-ci baharına qədəm qoymasına inanmaq çətindir. Nə vaxt, necə ötüşdü bu illər karvanı? Daha nə etmək? Gələnə “xoş gəldin” deməliyik. Gün o gün olsun ki, dostumuz Vamiq Məmmədəliyev ikinci 70 ilin əllərini sıxsın və ətrafında doğmaları, yaxınları, sevənləri, pərəstişkarları, nəticələri, kötücələri dövrə vursun.

O isə aramla sədəfli tarını sinəsinə basıb ulu muğamlarımızı dilə gətirsin, hər kəsin vaqif olmadığı bir aləmin gözəlliklərini qəlbimizə, ruhumuza bəxş etsin. Dünya sussun, dinləsin...

 

Sərdar Fərəcov

Əməkdar incəsənət xadimi

Mədəniyyət.- 2016.- 8 iyun.- S.10.