“Tanrının açılmaz sirridi şair...”

 

 

Şairlər Günü Vaqif Səmədoğlunun xatirəsinə həsr olunmuşdu

 

İyunun 5-də Beynəlxalq Muğam Mərkəzində VI Şairlər Gününə həsr olunmuş ədəbi-musiqili gecə keçirildi. Tədbir Azərbaycan Yazıçılar Birliyi (AYB) və Gənc Şairlər Birliyinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) və Dünya Gənc Türk Yazarlar Birliyinin dəstəyi ilə gerçəkləşdi.

 

Builki tədbir müasir poeziyamızın görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq Vaqif Səmədoğlunun (1939-2015) xatirəsinə ithaf olunmuşdu. Gecədə Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, İran, Rusiya, ABŞ və İsraildən qonaqlar, eləcə də ədəbiyyat və mədəniyyət xadimləri iştirak edirdi.

Əvvəlcə mərkəzin foyesində “AYB kitab” layihəsi çərçivəsində çap olunmuşVaqif Səmədoğlu. Sandıq şeirləri” kitabının təqdimatı keçirildi. AYB mətbuat xidmətinin rəhbəri, şair-publisist Xəyal Rza kitabda müəllifin indiyədək çap olunmayan şeirlərinin yer aldığını diqqətə çatdırdı. Tərtibçi və redaktor Nüşabə Babayeva-Vəkilova nəşrin ərsəyə gəlməsində əməyi keçənlərə minnətdarlığını bildirdi.

Mərkəzin zalında davam edən poeziya gecəsində əvvəlcə Vaqif Səmədoğlunun həyat yolu və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirildi. Film şairin həyat yoldaşı Nüşabə xanımın suallarına verdiyi cavablar əsasında qurulubşairin dünyaya, ədəbiyyata fəlsəfi baxışlarını əks etdirir.

Tədbirin aparıcısı Xəyal Rza çıxış edərək Şairlər Günü haqqında məlumat verdi. Bildirdi ki, nakam şairimiz Mikayıl Müşfiqin doğum günündə (5 iyun) qeyd olunan ənənəvi mərasim poeziya bayramına çevrilir, müxtəlif ölkələrdən nümayəndələrin iştirakı ilə rəngarəng tədbirlər keçirilir. Qeyd olundu ki, tədbir iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, dahi siyasətçinin xatirəsini ehtiramla yad ediblər. Həmçinin görkəmli şair və yazıçılarımızın məzarları da ziyarət olunub.

Şair və yazıçılar böyük söz ustadı Səməd Vurğunun ev-muzeyinə baş çəkib, sonra Müşfiqin rəmzi məzarına - Xəzər dənizinə gül səpiblər.

AYB-nin sədri, Xalq yazıçısı Anar çıxışında həm sevindiyini, həm də kədərləndiyini dedi: “Sevinirəm ona görə ki, bu tarixdə Azərbaycan ədəbiyyatının iki ən parlaq nümayəndəsi - Mikayıl MüşfiqVaqif Səmədoğlu dünyaya gəlib. Ona görə kədərlənirəm ki, biz Şairlər Gününü bu qələm sahiblərinin iştirakı olmadan qeyd edirik. Təsəllimiz odur ki, şairlər ölmürlər, əsərləri ilə yaşayırlar və biz bu gün bu şəxsiyyətlərin yaradıcılığının işığına toplaşmışıq”.

AYB sədri çıxışının sonunda M.Müşfiqə və V.Səmədoğluna həsr etdiyi şeirlərini oxudu.

Xalq şairi Nəriman Həsənzadə, İLESAM-ın baş direktoru Mehmet Nuri Parmaksız və başqaları çıxış edərək Şairlər Gününün əhəmiyyətindən danışdılar. M.Müşfiq və V.Səmədoğlunun yaradıcılıq məziyyətlərindən söz açıldı.

Sonra “Mikayıl Müşfiq” mükafatının təqdimatı keçirildi. Bu il mükafata Azərbaycandan Nəriman Həsənzadə, Rəşid Faxralı, Vurğun Vəkilov, Nəzakət Məmmədova, Faiq Balabəyli, Türkiyədən M.N.Parmaksız, Mustafa Ceylan, İsraildən Arye Qut, ABŞ-dan Robert Yevdayev, Makedoniyadan Erol Tufan, İrandan Aydın Araz və başqaları layiq görülüblər.

Xalq artisti Aygün Bayramova, Əməkdar artist Gülüstan Əliyeva, Əməkdar incəsənət xadimi, pianoçu Ülviyyə Hacıbəyova və beynəlxalq müsabiqələr laureatı Vurğun Vəkilovun ifaları poeziya axşamının iştirakçılarına unudulmaz anlar bəxş etdi.

 

Fariz Yunisli

Mədəniyyət.- 2016.- 8 iyun.- S.11.