“Əsərlərimə incə notları Azərbaycanın zəngin ruhu verir

 

 

İnsan vətənindən uzaqda yaşayanda öz dilinə, adətlərinə, mədəniyyətinə daha dərindən dəyər verir

 

Tanınmış heykəltəraş, soydaşımız Katib Məmmədov Azərbaycandan uzaqda yaşasa da, doğma yurda çox bağlıdır. Bu bağlılıq onun yaradıcılığında özünü qabarıq göstərir. Heykəltəraşın klassik, modern, stilizə, avanqard əsərlərində ölkəmizin bənzərsiz, heyranedici əlvanlığına rast gəlinir. Hələ tələbəykən Azərbaycana həsr etdiyi «Odlar yurdu» əsəri ona böyük uğur gətirməklə yanaşı, yaradıcılığının simvoluna çevrilib.

Bu gün o, Ukraynanın Əməkdar rəssamı, beynəlxalq Repin mükafatı laureatı, Rusiya Rəssamlıq Akademiyasının akademiki, Ukrayna Rəssamlar İttifaqı və Moskva Professional Rəssamlar Yaradıcılıq Birliyinin üzvüdür.

 

- Katib müəllim, adətən bizim rəssam və heykəltəraşlar orta ixtisas təhsillərini Bakıda alandan sonra keçmiş SSRİ-nin ali məktəblərində oxumağa gedirdilər. Siz isə birbaşa respublikadan kənarda ali məktəbə imtahan vermisiniz.

- Mən 1963-cü ildə Gəncə və Göygöl şəhərlərinin arasında yerləşən çox mənzərəli Üçtəpə kəndində anadan olmuşam. Uşaqlıq illərim təbiətlə sıx bağlı keçib. Atam bütün övladlarını zəhmətkeş böyüdüb. Buna görə də heç vaxt həyatda çətinliklərdən qorxmamışam. Hələ orta məktəbdə oxuyarkən Sankt-Peterburqdakı Rəssamlıq Akademiyasında təhsil almaq arzusunda idim. Hərbi xidmətdən qayıtdıqdan sonra bu arzumu həyata keçirməyə çalışdım, amma ailəmizin maddi çətinliklərini görüb Rusiyaya işləməyə getdim. Moskva Pedaqoji İnstitutunun qrafika və rəngkarlıq şöbəsinə qiyabi qəbul oldum, eləcə də tikintidə işləyib ailəmizə kömək etdim.

1987-ci ildə Xarkov şəhərində oldum, deyəsən, axtardığımı tapmışdım. Orada qalıb oxumaq qərarına gəldim. Ali təhsili başa vurduqdan sonra mənə institutda müəllim işləməyi təklif etdilər. O vaxtdan Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasında çalışıram, hazırda tədris ocağının dosentiyəm.

Uşaqlıqda Gəncə şəhərində peşə məktəbini suvaqçı-rəngsaz ixtisası üzrə bitirmişdim. Heykəltəraşlıq fakültəsinə daxil olmaq çox çətin idi. Bir il həmin fakültədə usta kimi çalışandan sonra daxil oldum.

- İndi isə Ukraynanın Əməkdar rəssamısınız...

- Fəxri ad titullardan danışmağı sevmirəm. Məncə, əsl yaradıcı insan bu haqda düşünməməlidir. Mən çox xoşbəxt sənətkaram ki, əsərlərim sevilir, onlara tələbat var. Bu mənə imkan verir ki, yalnız yaradıcılıqla məşğul olum, dəyərli əsərlər yaradım. Mənim ən böyük mükafatım budur.

- Əsərlərinizi dəqiq incə işləməyə çalışırsınız. Bu nəylə bağlıdır?

- Hər bir rəssam, ya heykəltəraş yaratdığına ürəyinin bir parçasını qoyur. Əsər müəllifin daxili aləmindən soraq verir. Sözsüz ki, insanın dünyası dəyişdikcə, əsərlər müxtəlif olur. Mənim əsərlərimə dəqiq incə notları Azərbaycanın zəngin, bənzərsiz ruhu verir. Heykəltəraş - həyatın gözəl anlarını yadda saxlayıb formalaşdıran gələcək nəsillər üçün qorumağa çalışan bir insandır. Mənim missiyam insanların qəlbini isidən əsərlər yaratmaqdır. Bu sevinc istiliyi həmişə paylaşmaq istəyirəm. Əgər insanların qəlbinə əsərlərimlə yol tapmışamsa, demək, mən nahaq yerə çalışmıram.

- İndiyə kimi qədər heykəl yaratmısınız?

- Heykəllərimin dəqiq sayını bilmirəm. Onlar yaddaşımda saylarıyla yox, mövzu mahiyyətləriylə qalıblar. Təxminən 200-dən çox yaradıcı əsərim, Ukraynanın bir neçə şəhərində Rusiyanın da bölgələrində abidə, heykəl, lövhələrim var.

- Azərbaycandakı həmkarlarınızla əlaqələriniz varmı?

- Var, əlbəttə. Onlarla Moskvada vaxtaşırı sərgilərdə görüşürəm. Azərbaycan incəsənəti dedikdə, mənim üçün ən öndə fəxrimiz Tahir Salahovun adı gəlir. Ona uzun ömür, cansağlığı diləyirəm! Azərbaycanın çox istedadlı heykəltəraşları olub, var yenə olacaq. Ömər Eldarov, Tokay Məmmədov başqa görkəmli sənətkarlarımız var. Rahib Həsənovun yaratdığıƏlağa Vahidheykəli çox təqdirəlayiqdir.

- Muzey-emalatxananız barədə deyə bilərsiniz. Sağlığında hər yaradıcı insanın muzeyi olmur...

- Müəllif işlərimin sayı artdıqca Xarkovda muzey-emalatxana yaratmaq qərarına gəldim. Demək olar, bütün işlərim buradadır. Həm azərbaycanlı rəssamların əsərlərini yerləşdirirəm. Ukraynanın görkəmli şəxsləri bu muzeydə dəfələrlə olub əsərlərimə yüksək qiymət veriblər. Muzey Ukraynada Azərbaycanı bu sahədə təmsil edən yeganə mədəniyyət ocağıdır. Muzeydə daima mədəniyyət gecələri, təqdimat mərasimləri elmi-mədəni proqramlar keçirilir.

- Azərbaycanda sərgi keçirmək fikriniz varmı?

- Hər il Azərbaycanda oluram. Övladlarımı da ildə bir aylığa Vətənə aparıram ki, onlar milli köklərdən ayrılmasınlar. Məncə, insan vətənindən uzaqda yaşayanda öz dilinə, adətlərinə, mədəniyyətinə daha dərindən dəyər verir. Sərgiyə gəldikdə isə, rəssamlar üçün sərgilərdə iştirak etmək bir qədər asandır. Mənim üçünsə bu, çox çətindir. Heykəlləri harasa aparmaq çox çətindir. İstərdim ki, milli mövzuda olan əsərlərim Azərbaycanda da sərgilənsin. Bu, gələcək nəsillər üçün dəyərli, maarifləndirici bir sərgi olardı. Təklif olarsa, mən hər zaman hazıram.

- Maraqlı odur ki, üç oğlunuzdan birinə öz adınızı qoymusunuz.

- Hər bir insan istər ki, onun övladları yolunu davam etdirsinlər. Böyük oğlum Səfərin marağı kimya, biologiya fənlərinədir. Orta məktəbi qızıl medalla bitirdi. Cərrah olmaq istəyir. Oğlum Emil 10-cu sinifdə oxuyur, iki ildir Xarkov şəhər administrasiyasının təqaüdünü alır, “İlin şagirdi - 2016” mükafatına layiq görülüb. Yaxşı şəkil çəkir, heykəl düzəldir. Hələ həyatda hansı yolu seçəcəyinə qərar verməyib. Balaca Katibin isə səkkiz yaşı var, özü belə deyir: “Mən artıq heykəltəraşam!”

 

S.Qaliboğlu

Mədəniyyət.- 2016.- 8 iyun.- S.12.