"Tolerantlığımızın gələcəyi”

 

 

Azərbaycan Rəssamlar İttifaqında (ARİ) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət və İncəsənət Universiteti ilə birgə "Tolerantlığımızın gələcəyi” adlı 6-16 yaşlı uşaqların yaradıcılıq sərgisi keçirilib.

Sərginin açılışında çıxış edən ARİ-nin katibi, Xalq rəssamı Ağəli İbrahimov bildirdi ki, uşaq və yeniyetmələr arasında tolerantlığı və multikulturalizmi təbliğ etmək məqsədi daşıyan sərgi ölkə üzrə orta məktəb şagirdləri arasında təşkil edilən yaradıcılıq müsabiqəsinin yekunudur.

Mədəniyyət və Turizm Nazirliyi Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov təqdim olunan işlərinin sülh, dostluq, hörmət, birgə yaşamaq mədəniyyəti, irqindən, milliyyətindən asılı olmayaraq, hər kəsə bərabər hüquq verilməsi anlayışını ifadə etdiyini vurğuladı.

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Alman-Azərbaycan Cəmiyyətinin sədri, kulturoloq Çingiz Abdullayev və başqaları sərginin əhəmiyyətini qeyd etdilər.

Bildirək ki, iyunun 1-dən 6-dək davam edən sərgidə rəsm, plakat, heykəl sahələri 250-dən çox əsər nümayiş olunur. Layihə iştirakçılarına sertifikatlar, qaliblərə isə mükafatlar təqdim olunub.

 

Mədəniyyət.- 2016.- 8 iyun.- S.12.