Milli Kitabxanada “Baladadaşın toy hamamı”nın yaradıcı heyəti ilə görüş

 

“Aktyorların öz oyunları haqqında tamaşaçı rəylərini öyrənməsi çox əhəmiyyətlidir”

 

İyunun 8-də Azərbaycan Milli Kitabxanasında Xalq yazıçısı Elçinin Dövlət Musiqili Teatrında səhnələşdirilən “Baladadaşın toy hamamı” tamaşasının yaradıcı heyəti ilə görüş keçirildi.

Kitabxananın direktoru Kərim Tahirov yaradıcı kollektivi salamlayaraq bildirdi ki, görüş Mədəniyyət və Turizm Nazirliyi, Milli Kitabxana və Azərbaycan Dövlət Musiqili Teatrının birgə təşkilatçılığı ilə reallaşır. Bu, ilk addımdır və kitabxana digər teatrlarla da bu layihəni davam etdirəcək. Direktor yaradıcı insanlarla görüşlərin əhəmiyyətindən danışdı və bildirdi ki, tamaşaçı ilə səhnədən kənar, belə bir canlı ünsiyyət yaradıcı kollektivə də stimul verir.

Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev sənət ocağının hər zaman maraqlı tamaşalar təqdim etdiyini söylədi. Sonra yaradıcı heyəti kitabxananın kollektivinə təqdim etdi. Vurğulandı ki, Musiqili Teatr ilk dəfə olaraq bu tamaşa ilə görkəmli dramaturq Elçinin əsərinə müraciət edib.

Direktor aktyorların öz oyunları haqqında tamaşaçı rəylərini öyrənməsi baxımından görüşün əhəmiyyətini diqqətə çatdırdı, yaradıcı heyət üçün belə bir imkanın yaradılmasına görə Milli Kitabxananın kollektivinə minnətdarlığını bildirdi.

Kitabxananın əməkdaşları tamaşa haqqında öz fikirlərini bölüşdülər. Qeyd olundu ki, səhnə əsərində teatrla kinonun sintezi çox uğurlu alınıb, Bakı kəndləri, adət və ənənələr ustalıqla əks olunub. Tamaşanın ritmi çox yüksək səviyyədədir, səhnə əvəzetmələri sənətkarlıqla və fasiləsiz yerinə yetirilib. Səhnə əsərinin musiqisindən və məzmunundan böyük zövq aldıqlarını bildirən kitabxana əməkdaşları insanın mənəvi zənginliyinin önə çıxdığı, dünyanın faniliyi, safpak sevgi haqqında olan bu lirik əsərin teatrın repertuarında uzun müddət qalacağına əminliklərini bildirdilər.

Sonra kitabxananın kollektivi yaradıcı heyətlə müasir teatr, yeni tamaşalar ətrafında fikir mübadiləsi apardı.

Qeyd edək ki, Musiqili Teatrda səhnəyə qoyulanböyük seyrçi sevgisi qazanan tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdidir.

 

Lalə

Mədəniyyət.- 2016.- 10 iyun.- S.6.