İmişlidə musiqi məktəbi şagirdlərinin konserti

 

 

İmişli rayon Mədəniyyət mərkəzində uşaq musiqi məktəbi şagirdlərinin hesabat konserti keçirilib. Bütün şöbələr üzrə 38 şagird iştirak etdiyi konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ifa olunub.

Konsert proqramını bu tədris ilində yaradılmış "Pöhrə" uşaq ansamblı açıb. Məktəbin xalq çalğı alətləri şöbəsinin şagirdləri muğamritmik muğamları, eləcə də Azərbaycan xalq mahnılarını səsləndiriblər. Fortepianoda I sinif şagirdləri Məmməd İspərxan, Əlibaba Məmmədov, II sinif şagirdi Mircəlal Məmmədli, qarmonda V sinif şagirdi Əziz Cəfərzadə, tarda V sinif şagirdi Murad Hacıyev çıxış edib. Konsert şagirdlərdən ibarət xor kollektivinin ifasında Rauf Hacıyevin "Azərbaycan" mahnısı ilə yekunlaşıb.

 

Mədəniyyət.- 2016.- 10 iyun.- S.7.