El sənəti - el şöhrəti

 

Ağacoyma ustası Seyfəddin Mənsimoğlunun yubiley portreti

 

Qədim tarixə və zəngin bədii ənənələrə malik olan milli ağacoyma sənətinin çağdaş inkişaf mərhələsinə əvəzolunmaz töhfələr verən el sənətkarı Seyfəddin Mənsimoğlunun (Məmmədvəliyev) 80 yaşı tamam olur.

 

İndinin özündə də həyatının mənasını, həm də duyğularını ağacların səthində ifadə etməkdə görən və əziyyətli olduğu qədər də qürurdoğurucu olan yaradıcı işdən usanmayan ustadın keçdiyi sənət yoluna bir daha işıq salmağımız onun ərsəyə gətirdiklərinin heç vaxt unudulmayacağına oxucularımızda əminlik yaratmaqdır...

Sənət aləmindəki çağdaş bədii proseslərin duyulası dərəcədə mürəkkəbləşdirilmiş rəmzlərlə dolu bugünkü xaotik axarında bəzən elə bir sadə və cazibədar bədii qaynaq tapılır ki, özünün ovsunlayıcı məziyyətlərinə görə tamaşaçısını heyrət və düşüncələr burulğanına sala bilir. Seyfəddin Mənsimoğlunun (Məmmədvəliyev) təxəyyülünün nəticəsi olan ağacoyma işləri məhz belə sənət nümunələrindəndir. Etiraf edək ki, onun yaratdıqları Azərbaycan ağacoyma sənətində yenidir. Onun ağacoyma ilə xəttatlığı birləşdirən əl işləri zaman çərçivəsinə sığışmayan və məşhur “El sənəti - el şöhrətidir” deyimini təsdiqləyən sənət möcüzələridir, desək, yanılmarıq.

Seyfəddin Mənsimoğlunun bir qərinəlik yaradıcılıq yolunun başlanğıcı 1981-ci ilə təsadüf edir. Həmin ildə o, ilk dəfə “Rəsmli türk ədəbiyyatı” kitabında xəttatlıq nümunələrinin sənətkar əlində hansı ecazkar görkəm aldığını görəndən sonra onda kağız üzərində olan və nəbati naxışları andıran bu ritmik xətt nümunələrini ağac üzərinə köçürmək istəyi yaranıb. Başlanğıc günü o, bu kitabda gözəl nəstəliq xətlə yazılmış və “Qurani-Kərim”dən götürülmüşVa Huva bikulli şeyin alim” (“O, hər şeydən xəbərdardır”) kəlamını seçib. Bir neçə ay ərzində o, bu kəlamı qoz ağacından hazırlanmış lövhə (plaket) üzərində oyaraq, gözəlliyi ilə insanı valeh edən simmetrik bir kompozisiya yaratmışdır. Kompozisiyanın sağ tərəfini kəlamın ustalıqla yazılmış və ona ayrılan sahədə zərgər dəqiqliyi ilə yerləşdirilmiş orijinal-əsli, sol tərəfini isə onun tərsinə yazılmış güzgü əksi təşkil edir. İlk dəfə ictimailəşən bu əsər tamaşaçılar və sənət xiridarları tərəfindən böyük maraqla qarşılandı və Seyfəddin Mənsimoğlu haqqında orijinal bir janrın yaradıcısı kimi yüksək fikir söylədilər. İlk uğur bu sahədə böyük təcrübəsi olmayan Seyfəddin Mənsimoğlunun mənəvi dəstəyi olduonu yeni yaradıcılıq axtarışlara həvəsləndirdi. İlk nümunənin ardınca onun XVI əsrin görkəmli miniatürçü rəssamı Sultan Məhəmmədə, Azərbaycan poeziyasının korifeyləri Nizami Gəncəviyə, Xaqani Şirvaniyə, Məhsəti Gəncəviyə, İmadəddin Nəsimiyə və Məhəmməd Füzuliyə, eləcə də müdriklər müdriki Dədə Qorquda, astronom Nəsrəddin Tusiyə, bəstəkar Üzeyir Hacıbəyliyə, şair Əlişir Nəvaiyə, Babur şaha, “Molla Nəsrəddin” Mirzə Cəlilə, repressiya qurbanı Hüseyn Cavidə, Aşıq Qurbaniyə, Şəms Təbrizi və Cəlaləddin Rumiyə, Şah İsmayıl Xətaiyə həsr etdiyi ağac lövhələr yaranmışdır.

Ağacoyma sahəsində yaradıcılığa dini kəlamın yazılışı ilə başlayan Seyfəddin Mənsimoğlu bütün yaradıcılığı boyu dəfələrlə “Qurani-Kərim”dən götürülmüş müqəddəs kəlamlara bədii görüntü vermişdir. Ürəyinin çağırışı ilə həm də müqəddəs Həcc ziyarətində olan ustadın “Bismillahir-Rəhmanir-Rəhim” (altı əsər), “Allah” (altı əsər), “Məhəmməd (s.ə.s.) Allahın rəsuludur”, “Qurani-Kərim”dən ayələr” (dörd əsər), “İxlas surəsi” və s. əsərləri bunun təsdiqidir. Etiraf edək ki, ustad məhz dini məzmunlu işlərində kəlamların tutumuna müvafiq qeyri-adi, şaşırdıcı incəlik nümunəsi sərgiləməyə nail olmuşdur. Doğrudan da belə işləri görəndə bir daha inanırsan ki, axıcı ritmli, dərinliyi ilə özünün işıq kölgəsini, təzadlı görüntüsünü yaradan bu ağac lövhələr dəmirlə yox, qəlbin istisisevgisi ilə kəsilib, bədii görkəm alıb. Bunun həqiqət olmasını isə həmin əsərlərin tamaşaçı ağlını ovsunlaması şərtləndirir...

Bütün yaradıcılığı boyu o, demək olar ki, əksər ağac növlərini “sınağa”çəkib. Qırmızı ağac, fıstıq və qoz ağaclarında düşündüklərini ifadə etməyə nail olub. Əlavə edək ki, ağaclarda maddiləşən bu ecazkar yazıların kağız üzərində ilkin variantlarının yaranmasında tanınmış xəttat Müzafəddin Əzizov ustad Seyfəddinə yardımçı olub.

Seyfəddin Mənsimoğlunun qeyd etdiyimiz əsərlərində görkəmli şəxsiyyətlərin təkcə adları deyil, eyni zamanda onların yaradıcılıq aləmi ilə səsləşən elementlər və rəmzlər, eləcə də müxtəlif atributlar da verilir ki, bu da oyma nümunəsini daha da dolğunlaşdırır. Bu məsələdə rəssamlıq təhsili alması onun çox köməyinə çatır. Mübaliğəsiz demək olar ki, təsvirlə yazının qovşağı olan bu işlər heyrətamiz zərifliyi, gözoxşayan axıcı ritmi, özünəməxsus ifadə tərzi və bədii novatorluğu ilə seçilir...

Onun “Dədə Qorqud” əsərinin kompozisiyası yazı ilə təsvirin uğurlu vəhdətidir. Qoz ağacından hazırlanmış çevrə formasının mərkəzini yazı təşkil edir. Onun sağ yarısında nəfis xətlə yazılmış “Dədə Qorqudsözü sol tərəfdə də güzgü əksində də təkrarlanmışdır. Bu yazılar mərkəzdə görüntüyə gətirilmiş qopuzu əhatələyir. Kompozisiya çevrə formasının üzərindəki on üç medalyon-təsvirlə tamamlanır. Onların mərkəzini Dədə Qorqudun, ətrafını isə eposu təşkil edən on iki boyun qəhrəmanlarının görüntüləri təşkil edir. Medalyonların arasındakı sahələrin döymə üsulu ilə işlənməsi təsvirlərin qabarıqlığını şərtləndirmişdir.

Ustadın görkəmli şairə Məhsəti Gəncəviyə həsr etdiyi kompozisiya da belə nümunələrdəndir. Qoz ağacından hazırlanmış “Gəncəvi” sözü musiqi aləti udun üzərində, “Məhsəti” sözü isə aşağı hissəsində yarımdairəvi formada yazılıb. Udun yuxarı uzanan qolunun sol tərəfində Məhsətinin, sağ tərəfində isə həyat yoldaşı Əmir Əhmədin qabartma üsulu ilə işlənmiş portreti işlənmişdir. Kompozisiyanın həm də haşiyəsini təşkil edən bir qədər hündür ellipsvarı formanın üzərində isə şairənin məşhur rübailərindən biri həkk olunub...

Sənətkar dahi şairimiz Məhəmməd Füzuliyə formaca bir-birindən fərqli beş əsər həsr edib. Bu kompozisiyalarda şairin adından, portretindən və heyvan təsvirlərindən, eləcə də onun dərin məzmunlu kəlamlarından geniş istifadə olunub, son nəticədə çox dəyərli sənət əsərləri yaranıb.

Əcəmi Naxçıvaniyə həsr olunmuş əsərin ümumi formasını dahi memarın şah əsərlərindən olan onüzlü Möminə xatın türbəsinə yuxarı hissədən baxış təşkil edir. Başqa sözlə desək, güzgülü formada yazılmış “Əcəmi Naxçıvani” sözünü məhz bu çoxüzlü forma əhatələndirir. Kənar hissələrdə isə qurub-yaratmağı təqdir edən bayatı yazılmışdır...

Ustadın Mövlanə Cəlaləddin Rumi ünvanlı əsəri də maraqlı bədii həllə malikdir. Belə ki, kompozisiya təkcə ellipsşəkilli formanın daxilində dahi filosofun adının tuğra şəklində yazılması ilə məhdudlaşmır. Bunu üzərində “Yallı” oynayanların siluetləri əks olunmuş ellipsin xəttinin hər iki tərəfdən çevrə əmələ gətirməsi şərtləndirir. Elə əsərin əsas məna-məzmun tutumu da məhz bu sahədə gerçəkləşdirilmişdir. Bunu çevrənin sağ tərəfində Mövlanənin portretinin və məqbərənin, sol tərəfində isə neyçalan musiqiçinin təsvirləri əyaniləşdirir.

Dahi miniatürçü Sultan Məhəmmədə həsr olunmuş kompozisiya da formaca maraq doğurur. Günbəzvarı qoz ağacı üzərində bir neçə dəfə təkrarlanan “Sultan Məhəmməd” sözləri aşağıdan başlayaraq zirvəyə doğru yüksələrək bir nöqtədə birləşir. Yazı arasındakı sahələri rəssamın işlərinin döymə üsulu ilə təqdim olunmuş fraqmentləri tamamlayır. Bu əsər Berlindəki İslam Mədəniyyəti Muzeyinin Azərbaycan bölməsində saxlanılır.

Ustad bir çox əsərlərində ağacoymanın bədii-texniki imkanlarını genişləndirməyə də nail olmuşdur. Onun yazı nümunəsini avarlı qayığa bənzətməsi və bəzək elementləri ilə əhatələndirməsi, Şah İsmayıl Xətai dünyasını açıq vərəq üzərində portreti və qılınc-qələmlə təqdim etməsi, doğrudan da, çox təsirli və bədii məziyyətlərlə zəngin ağac görüntüləridir.

Sənətkarın hazırladığı bir neçə rəhil isə ilk növbədə, konstruksiyalarının orijinallığı və naxış elementlərinin incəliyi ilə gözoxşayır. Rəhillərin birinin üzərinə kitab qoyulanda çevrəvari konstruksiya sayəsində ağırlıqdan onun istiqaməti aşağıya doğru dəyişir və nəticədə onun maili vəziyyət almasına görə masa arxasında oturmaqla da, kitabı oxumaq olur. Ustad Seyfəddinin yaradıcı təxəyyülünün nəticəsi olan belə rəhillərdən biri hazırda Berlin İslam Mədəniyyəti Muzeyinin Azərbaycan bölməsində, digəri isə Azərbaycan Əlyazmalar İnstitutunda saxlanılır.

 

Ziyadxan Əliyev

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Mədəniyyət.- 2016.- 10 iyun.- S.11.