Gənc pianoçunun yeni uğuru

 

 

Hər bir məktəbin işinin nəticəsi onun məzunlarıdır. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası da öz məzunları ilə fəxr edir. Məktəbin fəxarət doğuran yetirmələrindən biri də 2015-ci ildə bu tədris ocağını bitirmiş, hazırda Almaniyanın Trossingen Universitetində fortepiano ixtisası üzrə I kurs tələbəsi olan Murad Abasovdur.

Qeyd edək ki, Murad qəbul imtahanlarında gözəl nəticə göstərmiş və məşhur pianoçu, professor Tomislav Baynov onu öz sinfinə qəbul etmişdir. Murad Abasov bir sıra respublika və beynəlxalq müsabiqələrin laureatı, Prezident təqaüdçüsüdür. 23-27 may tarixində Almaniyanın Myulakker şəhərində keçirilən “Baden-Vyurtemberqdə musiqi istedadları” adlı pianoçuların beynəlxalq müsabiqəsi Muradın sənət yolunda yeni uğur səhifəsi oldu. O, müsabiqədə ən yüksək “Assoluto” mükafatına layiq görülüb.

Bu müsabiqə iki mərhələdən ibarət idi. I turda L.Bethovenin 8 N-liPatetik” sonatasını və Tofiq Quliyevin “Qaytağı” pyesinin ifasını təqdim edən Murad II turda virtuoz ifaçılıq tələb edən daha üç əsər təqdim etmişdir: İ.S.Baxın “Yaxşı temperasiyalı klavirinin II cildindən As-dur Prelüd və fuqası, F.Şopenin 1 ¹-li Ballada və 1 ¹-li Etüdü. Yüksək professionallıq nümayiş etdirən gənc pianoçu münsiflər heyətinin rəğbətini qazanmış və münsiflərdən professor Tamara Poddubnaya tərəfindən təmənnasız olaraq ABŞ-da Long Island Konservatoriyasına öz sinfində təhsil almağa dəvət olunmuşdur. Muradın çıxışından sonra müəllimi Tomislav Baynov fərəhini bu sözlərlə ifadə etmişdir: “Bu gün Murad çox gözəl ifa etdi. Yaxınlarda o, parlaq pianoçu olacaq”. Əlbəttə, məşhur musiqiçinin gənc ifaçıya verdiyi bu qiymət çox şərəflidir. Bizona yeni-yeni müvəffəqiyyətlər və dünya səhnələrində daha da parlaq çıxışlar arzu edirik.

 

Aytən İbrahimova

Ü.Hacıbəyli adına BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının aparıcı elmi işçisi

Mədəniyyət.- 2016.- 10 iyun.- S.15