Qohumlarvar ki...

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Kalmık Milli Dram Teatrı arasında yaradıcılıq münasibətləri barədə qəzetimizin oxucularına dəfələrlə məlumat verdiyimizdən çox uzağa getməyib, elə həmin teatrın baş rejissoru, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Boris Manciyevin Bakıda hazırladığı “Qohumlar” ikihissəli müziklindən danışacağıq.

 

Yəqin ki, teatrsevərlərin yadındadır, ötən mövsümdə də B.Manciyev Gənc Tamaşaçılar Teatrında Əbdürrəhim bəy Haqverdiyevin «Xortdanın cəhənnəm məktubları»nın əsasında səhnələşdirdiyi əsərlə yadda qalmışdı. Bu dəfə isə rejissor kalmık ədəbiyyatının klassiki Baatr Basanqovun «Təəccüb doğuran hadisə» əsərinin motivləri əsasında Vera Şuqrayeva və Əli Əmirlinin həmmüəllif olduğu «Qohumlar» adlı ikihissəli müzikli səhnəyə qoyub.

Müzikl demişkən, bu teatrdavaxt bu janra aid tamaşaya baxdığım yadımda deyil. Odur ki, dəvətli rejissorun bizim kollektivlə əvvəlcə faciə janrında, indisə musiqili-məzəli tamaşa hazırladığını, üstəlik hər iki səhnə əsərində təxminən eyni heyətin çıxış etdiyini nəzərə alaraq, bu tamaşanı izləməyə marağım böyük idi.

Budur, pərdə açılır. Üçayaq üstdə quraşdırılmış fotokamerası, başında qotazlı bereti, boynunda üçkünc qalstuk-yaylığı ilə ötən əsrin fotoqraf tipajını xatırladan Lici-Qarya (Elnur Hüseynov) görünüro, hadisələrin cərəyan etdiyi kənd barədə qısa arayış verir. Şux musiqi səslənən kimi Lici-Qarya kənara çəkilir və kəndlilər səhnəyə çıxır. Müxtəlif illərin dəbinə uyğun, ya da fərqli milli geyimlərdə olan əvvəlcə qocalar, sonra ortayaşlılar, lap sonda da cavanlar çox gözəl, şux bir rəqslə tamaşaçılarla salamlaşırlar. Elə rəqqasların jestlərindən hiss edirsən ki, çox maraqlı, gülməli və iti templi bir tamaşaya baxacaqsan. Səhnədə dekorasiya adına yalnız ensiz pərdələr var ki, onlarda təsvir edilmiş monoxrom cizgilər kənd mənzərəsini yaradır. Bu tamaşanın bütün ağırlığı, yükü aktyorların ifasına köçürülüb. Əslində kütləvi epizodlarda təxminən otuz nəfərin səhnəyə çıxdığı, rəqs etdiyi, dalaşdığı səhnədə heç dekorasiyaya yeryoxdu.

Kütləvi səhnə demişkən... həqiqətən də, «Qohumlar» adına yaraşan qohum-əqrəbalı bir tamaşadır, yəni kənd camaatı şərti olaraq qız evioğlan evinə bölünüb ki, onların hər bir qarşılaşması ya şux rəqslə, ya da dava-dalaşla yadda qalır. Sayca çox olsalar da, kütləvi səhnədə çıxış edən və heç bir kəlmə də danışmayan aktyorlar köhnə kişilər demişkən, səhnədə sadəcə, «qara göstərmirlər», onlar mimikalarla, jestlərlə, tamaşanın ovqatına uyğun nidalarla «danışırlar», yəni kimsə səhnədə boşuna dayanmır.

Baş qəhrəman demişkən... Əməkdar artist Şövqü Hüseynovun ifa etdiyi beş qız atası Dorji böyük qızına kəndin ən varlı adamı Nyamin (Əməkdar artist Qurban İsmayılov) öz oğlu, avara Syuqdek (İlham Əsədov) üçün elçi düşəndə dünyanın ən xoşbəxt atasına çevrilir. Əslində tamaşa da elə kişilərin gözlənilən izdivac barədə söhbəti ilə başlayır və ...toy ilə bitir. İndi həmin toyun bəyi kim olacaq, gəlini kim... Bundan ötrü tamaşanın sonunu gözləmək lazımdır.

Aktyor Ş.Hüseynov bu xoşbəxtliyi çatdırmaq üçün jestlərdən, mimikadan, obrazın emosiyalarını onun söylədiklərinə məharətlə ötürmək qabiliyyətindən usanmadan, gen-bol istifadə etməklə çox parlaq, yaddaqalan, bu günədək oynadığı komik obrazlardan fərqli bir obraz yaratmağa nail olub. Salonda əyləşib səhnədəkilərin halını, sərbəstliyini, yaxud sıxıntısını hiss etmək bir qədər çətin olsa da, tamaşaçı görür ki, Dorjinin ailə üzvləri də, qudası da Dorji ilə bütün səhnələrdə rahatdırlar: kimsə kiminsə səhnəni ələ almaq məharətinin basqısı altında deyil.

Quda demişkən.. Əməkdar artist Qurban İsmayılov son illər faciəvi, dramatik səpkili rolları ilə daha çox yadda qalır. Lakin «Qohumlar»dakı Nyamin onun hələ təxminən otuz il əvvəl Gənclər Teatrında oynadığı Qurbanəli bəyin komizmini yadımıza saldı. Deməli, aradabir aktyora fərqli obrazlar tapşırılmalıdır ki, o, amplua çərçivəsinə düşməsin, daxilindəki istedadı hər tərəfdən göstərə bilsin.

Çərçivə demişkən... Əməkdar artist Naibə Allahverdiyeva indiyədək o qədər komik, məzəli rollarda çıxış edibbu rolları ilə yaddaşlarda elə möhkəmlənib ki, arada ona dramatik rollar tapşırılanda, ya da aktrisa çox sevdiyi lirik-romantik bədii qiraət nümunələri ilə çıxış edəndə tamaşaçı onun bu başqalaşmasını qəbul etmir. Digər tərəfdən, Naibə xanım komik situasiyaları canlandırarkən içindəki komizmi bəzən israfçılıqla öz obrazına xərcləyir ki, bu da onun bəzi rollarını bir-birinə bənzədir. Amma beş qız anası və altıncı dəfə ana olmağa hazırlaşan Amulanqa obrazı aktrisanı vadar edir ki, o öz komizmini qədərincə, bəzən isə hətta xəsisliklə xərcləsin, çox yaxşı dəyişə bildiyi mimikasını, jestlərini yerində işlətsin. Dorji qızı Kemanı (Səbinə Məmmədova) Syuqdekə ərə getməyə razı salmaq üçün onu bu sözlərlə dilə tutur: «Anan kimi ağılsız olma, var-dövlət olan yerdə sevgi nədir». Yəni, Dorjinin dediyinin məntiqinə inansaq, bir vaxtlar Amulanqa da sevgini üstün tutub Dorjini seçib, onunla birgəliyin çətinliklərinə dözüb. Bununla belə, Amulanqa əri ilə razı deyil, qızlarının öz sevdikləri oğlanlarla ailə qurmasını istəyir və var gücü ilə Kemanın tərəfini saxlayır. Aktrisa bu mübarizəsində də, niyə yalnız qız uşağı dünyaya gətirdiyi üçün əri ilə yaranan mübahisələrində də maraqlıdır, balalarının yorulmaz müdafiəçisidir.

Qız demişkən... Dorjinin böyük qızı Kema qədim Romayunan mifologiyasındakı ilahələrin adını daşıyan bacıları Venera, Afrodita, AfinaArtemidadan şıltaqlığı və cəsarəti ilə seçilir. Gənc Tamaşaçılar Teatrında istedadlı gənc aktrisalar çoxdur, Turan gözəli görünüşlü aktrisa Səbinə Məmmədovanı indiyədək yalnız bir tamaşada görmüşəm və «Xortdanın cəhənnəm məktubları»nda Gövhərtac rolunun uğurlu ifası ilə xatırlayıram. Kema ilə Gövhərtac tamam fərqli obrazlardır. Gövhərtacın faciəsi ilə tamaşaçını sarsıdan aktrisa Kemanın məzəli hoqqaları, sevgi uğrunda mübarizədə şıltaq davranışı ilə onu güldürdü.

Gülüş demişkən... «Qohumlar»da üç obraz da var ki, onların səhnəyə hər çıxışı tamaşaçıda qərəzsiz gülüş doğrurur. Yəqin onlara bütün kəndlərdə, bütün məhəllələrdə rast gəlmək mümkündür: kəndin «simsiz teleqraf»ları - üç qarımış qız - Saqana (Əməkdar artist Nəsibə Eldarova), Namsa (Əməkdar artist Şəfəq Əliyeva) və Buqa (Zemfira Əbdülsəmədova) rəfiqə olsalar da, aradabir dalaşırlar, küsüşürlər, sonra da bir-birlərinin sirrinə bələd olduqları üçün təkrar barışırlar. Kema ilə sevgilisi Erenjenin (Ramil Məmmədov) arasını vuran da onlardır, Lici-Qaryanın Bosxomcini (Vahid Orucoğlu) sevən Buuvaya (Şəbnəm Hüseynova) aşiq olduğuna görə gənc qıza paxıllıq edən də. Bu üç xanım sənətçi həvəslə oynadıqları obrazların davranışı, bir-birlərinin eybini açıb-tökmələri ilə həm müziklin ana xəttini canlandıran intriqalı ikinci xətti yarada, həm də tamaşaçılarda şirin və mənalı gülüş doğura bildilər.

Nəhayət, müzikl demişkən... Gənc Tamaşaçılar Teatrı musiqili teatr deyil. Bu üzdən də bütün musiqi parçaları və mahnılar fonoqramla səsləndirilir, həm də mahnılar vokalçının yox, aktyorun oxuya biləcəyi qədər - qısa sürür. Maraqlıdır ki, tamaşaya yeni musiqi bəstələnməyib, elə Kalmık Milli Dram Teatrının tamaşasına Arkadi Manciyevin bəstələdiyi musiqiyə yeni, həm də uğurlu mahnı mətnləri yazılıb. Aktyorlar isə səhnədə canlı oxumaq imkanının məhdudluğunun əvəzini adətən müzikldə kordabaletin yerinə yetirdiyi vəzifəni icra etməklə - peşəkarcasına rəqs etməklə çıxırlar. Bu tamaşada yaşından, rolunun böyük-kiçikliyindən asılı olmayaraq hamı çevik ritmdə rəqs edir. Aktyorların rəqsinin mükəmməlliyi, plastikası göz oxşayırsa, bu uğur həm də rəqslərə quruluş vermiş aktyor Vüsal Mehrəliyevin adına yazılmalıdır.

Təbii ki, hazır musiqi əsərin ritminə öz təsirini göstərir və onun həllini tamaşa-oyun tərzi baxımından müəyyən edir. Belə ki, «Təəccüb doğuran hadisə» əsərinin motivləri əsasında yazılmış «Qohumlar»ın müəllifi Azərbaycan dramaturqu olsa da, tamaşa VolqaboyuSibir xalqlarının - tatar, başqırd, udmurt, kalmık milli tamaşa-oyun estetikası ilə müzikl janrının sintezidir. Üstəlik, Azərbaycan səhnəsi üçün yeni olan bu teatr estetikası həm də təzə göstəri və yanaşma üslubuna görə cəlbedicidir. Təbii ki, bu üslub bizim səhnəmizdə tez-tez təkrarlanarsa, öz cazibədarlığını itirər. Hələ ki belə bir təhlükə bizim çağdaş teatr prosesini gözləmir, eksperimentlərə, yaradıcılıq tandemlərinə açıq kollektivlər belə işgüzar sənət münasibətindən yalnız yararlana bilər.

Oxucu soruşa bilər ki, yaxşı, bəs «Qohumlar»ın axırı necə oldu? Tamaşaya marağı qaçırmamaq üçün bunu deyək ki, hər şey yaxşı oldu! Hətta bizim «O olmasın, bu olsun»da sevgililəri qovuşdurmaq üçün istifadə edilmiş məşhur olay - gəlinin kişi çıxması əhvalatı təkrarlansa da, yenə də hər şey xoş sonluqla bitdi.

Uzun sözün qısası, «Qohumlar» var ki, onların başlarına gələnlərə baxanda heç darıxmırsan.

 

Gülcahan Mirməmməd

P.S. Az qala yadımdan çıxacaqdı! Dorjinin böyük qızının toy günündə onun əkiz qızları dünyaya gəldi.

Mədəniyyət.- 2016.- 15 iyun.- S.7.