Teatrda “Rənglər, duyğular, düşüncələr” sərgisi

 

 

İyunun 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Rənglər, duyğular, düşüncələr” adlı gənc rəssamların qrup sərgisi açıldı. Sərgi teatrın Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birgə layihəsi əsasında ərsəyə gəlib.

 

Açılış mərasimində çıxış edən teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov bu sərgini keçirməkdə əsas məqsədin teatrın gənc rəssamlarının səhnəqrafiyadan kənar təsviri sənət janrlarındakı istedadlarının üzə çıxarılması olduğunu bildirdi və təqdim olunan əl işləri barədə məlumat verdi.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev çıxışında gənc rəssamlara yeni yaradıcılıq uğurları arzuladı.

Sərgidə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəssamları Elşən Sərxanoğlu, Elnur Babayev, Telman Şıxıyev, Şahin Hüseynli, Yekaterina Bıçkova, habelə Dövlət Rəsm Qalereyasından Fidan Zeynalova, İlahə Əliyeva, Zümrüd Ramazanova, Fərhad İsmayılov, Asif Cabbarov, Həsənağa Ağayev, Vasif Ağayev və Əfşan Əsədovanın bir-birindən maraqlı, müxtəlif janrları əhatə edən lövhələri nümayiş olunur.

Müxtəlif təsviri sənət üslub və cərəyanlarında yaratmağa meyl edən gənc rəssamların boyakarlıq, qrafika nümunələri tamaşaçılar tərəfindən maraqla qarşılandı.

Gənc Tamaşaçılar Teatrının foyesində sərgi iyunun sonlarınadək davam edəcək.

 

Gülcahan

Mədəniyyət.- 2016.- 15 iyun.- S.8.