Musiqili Teatrın aktrisası festivaldan diplomla qayıdıb

 

 

İyun ayının əvvəlində Kiyevdə keçirilmiş IV «O-FEST» Beynəlxalq Musiqi Festivalında ölkəmizi Dövlət Musiqili Teatrının aktrisası, Əməkdar artist Nərgiz Kərimova təmsil edib.

Lirik soprano səsli vokalçımız bu tədbirə Ukrayna Milli Operetta Teatrı tərəfindən dəvət olunub. Nərgiz Kərimova 14 ölkədən ifaçıların qatıldığı üç gün davam edən operetta musiqisi bayramının qala gecəsində çıxış edib. Kiyev mətbuatının Şərq ulduzu kimi dəyərləndirdiyi təmsilçimiz Üzeyir Hacıbəylinin «Arşın mal alan» operettasından Gülçöhrənin ariyasını İmre Kalmanın eyniadlı operettasından Maritsanın ariyasını oxuyub.

Artıq ənənəyə çevrilmiş «O-FEST» festivalı hər il iyunun əvvəlində keçirilir.

Ukrayna Milli Operetta Teatrının bədii rəhbəri, tədbirin təşkilatçısı Boqdan Strutinski festivalı dünyanın rəmzi adlandırıb. Bu il sənət bayramında Azərbaycan, Qazaxıstan və Finlandiya musiqisi ilk dəfə səslənib. Nərgiz Kərimova festivalın diplomu ilə təltif olunub.

 

Mədəniyyət.- 2016.- 15 iyun.- S.11.