Rəssam müəllimlərin “Rəngli duyğular”ı

 

 

İyunun 13-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəssamlıq fakültəsi müəllimlərinin əsərlərindən ibarət “Rəngli duyğular” adlı sərginin açılışı keçirildi.

ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov bildirdi ki, bir müddət öncə bu məkanda ADMİU tələbələrinin əsərlərindən ibarət sərgi təşkil edilmişdi, indi isə onların müəllimlərinin əl işləri sərgilənir. Onun sözlərinə görə, belə sərgilər gənc rəssamlar üçün əsl örnəkdir.

F.Xəlilov universitetin müəllimi, Xalq rəssamı, heykəltəraş Xanlar Əhmədovu 70 yaşı münasibətilə təbrik etdi, ona hədiyyə bağışladı.

ADMİU-nun rektoru, professor Fərəh Əliyeva vurğuladı ki, təsviri sənətimizin yaranması və inkişafı incəsənətimizin müxtəlif mərhələlərini təmsil edən sənətkarlar nəsli ilə qırılmaz bağlıdır: “Uzun illər rəssamlar nəsli yetişdirən ADMİU bu gün də həmin şərəfli missiyanı yerinə yetirir. Burada müəllimlərimizin əsərləri bir-birindən fərqli və gözoxşayandır. Onları sərgi münasibətilə təbrik edirəm”.

Universitetin professoru, Əməkdar incəsənət xadimi Arif Əziz əsərlərin bədii özəlliklərindən söz açdı, sərgilənən əl işlərinin tamaşaçıların zövqünü oxşayacağını bildirdi.

Layihənin təşkilatçısı Türkan Abbaslı da ürək sözlərini dilə gətirdi və iştirakçılara uğurlar dilədi.

Sonra rəmzi açılışı bildirən lent kəsildi, sənətsevərlər sərgi ilə yaxından tanış oldular.

Sərgidə Arif Əzizin “Köhnə kənd”, “Kompozisiya”, Ağəli İbrahimovunNovruz bayramı”, “Vaxt”, Xanlar Əhmədovun “Səhər”, “Leyli və Məcnun”, “Muza”, Həmzə Abdullayevin “Axırıncı məhəbbət”, “Şəhriyar”, Aytən Rzaquliyevanın “Şərq natürmortu”, “Şəhər qrafikası”, Fəxrəddin Qəhrəmanlının “Haray”, “Şahbuz”, “Kəndimiz”, Səmədağa Cəfərovun “Həyatımızın bir anı”, “Silov Anatoli”, Aysel Əzizin “Zəriflik”, “Rənglərin simfoniyası”, Elşən Hacızadənin “Yaranış fərziyyəsi”, “Səadət”, Xanım Məmmədovanın “Melodiya”, “Yaşıl şlyapalı qadın”, Bayram Hacızadənin karikaturaları, Sayalı Quliyevanın “Uçuş”, “Kompozisiya”, Şahvələd Əliyevin “Baba ocağı”, “Cami türbəsi” əsərləri yer alıb. Ekspozisiyada həmçinin Tamila Abbasovanın “Günəbaxan”, “Nar”, Sevda Məmmədovanın “Durna”, “Axşam”, Xatirə Hüseynovanın “Dekorativ portret”, Gülnaz Mədətovanın “Mənzərə”, Nəzakət Əhmədovanın “Akvarium”, Mətin Şərifovun “Güllər”, Anar Səfərlinin “Natürmort”, Səbuhi AbdullayevinKarvan”, Mirazər AbdullayevinElastik natürmort”, Etibar Nəzərovun plakatları, Ülvi AbdullayevinAbşeron”, “Bağışla, Şuşa”, Çingiz QuliyevinBulaq başında”, “Şənlik” əsərləri tamaşaçılara nümayiş olunur. Sərgi bir həftə davam edəcək.

 

S.Qaliboğlu

Mədəniyyət.- 2016.- 15 iyun.- S.16.