Qəbələdə meksikalı rəssamın əl işləri sərgilənib

 

 

Meksikanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Qəbələ şəhərində meksikalı rəssam Marqarita Moralesin fərdi sərgisi təşkil edilib.

Qəbələ Mədəniyyət mərkəzində açılan sərgidə rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Səbuhi Abdullayev deyib ki, bu cür tədbirlər sənətsevərləri dünya mədəniyyəti, incəsənəti və insanları ilə daha yaxından tanış olmaq, dünya xalqlarının milli koloritini dərindən duymaq imkanı yaradır. Diqqətə çatdırılıb ki, Qəbələdə müxtəlif incəsənət layihələri, festival və sərgilər keçirilir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə hər il keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Rəsm və İncəsənət Sərgisi ictimaiyyətin, rayona gələn turistlərin böyük marağına səbəb olur.

Tədbirdə çıxış edən səfir Rodriqo Labardini tanınmış rəssam Marqarita Morales barədə məlumat verib. Bildirib ki, rəssamın yaradıcılığının formalaşmasında ənənəvi Meksika mədəniyyəti ilə yanaşı, müasir incəsənətin müxtəlif üslublarının təsiri də duyulmaqdadır. Moralesin əsərləri Meksika, Berlin, Madrid, Nyu-York və dünyanın bir çox digər muzey və qalereyalarında, həmçinin paytaxt Bakı ilə yanaşı, respublikanın bir neçə şəhərində də nümayiş olunub. Meksika mədəniyyətinin Qəbələ rayonunda nümayiş olunması iki ölkə arasında əlaqələrin daha sıx inkişafının əyni təzahürüdür.

Daha sonra rəssam Marqarita Morales sərginin təşkilində göstərdiyi dəstəyə görə Qəbələ Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib, Azərbaycanın qədim tarixə malik, böyük mədəniyyət və turizm məkanı kimi tanınan bölgəsində əsərlərinin sərgilənməsindən məmnunluğunu ifadə edib.

Sonda tədbir iştirakçıları meksikalı rəssamı əlvan rəng çalarlarına və heyranedici enerjiyə malik əl işləri ilə yaxından tanış olublar.

 

 

Mədəniyyət.- 2016.- 17 iyun.- S.6.