İsmayıllıda “Sənətkarlıq bazarı”nın açılış mərasimi keçirilib

 

 

Layihə bölgələrdə turizmin inkişafına və regional marşrutların populyarlaşdırılmasına xidmət edir

 

İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə mərkəzi meydanda inşa edilən “Sənətkarlıq bazarı”nın açılış mərasimi keçirilib.

 

“Sənətkarlıq bazarı” Şamaxı-İsmayıllı-Qəbələ-Oğuz-Şəki-Qax-Zaqatala-Balakən turizm dəhlizi imkanlarının araşdırılması və inkişafı layihəsi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyirayon İcra Hakimiyyətinin birgə dəstəyi ilə inşa edilib.

“Sənətkarlıq bazarı” 9 köşkdən, konsert səhnəsindən və turistlərin xatirə şəkli çəkdirməsi üçün lövhədən ibarətdir. Onlardan 8-i sənətkarlıq nümunələrinin, 1-i isə milli mətbəx nümunələrinin sərgi-satışı üçün nəzərdə tutulub. Burada misgərlər, xalçaçılar, kəlağayı ustaları, halvaçılar, rəssamlar, suvenir ustaları, kulinarlar öz məhsullarını, əl işlərini, məmulatlarını nümayiş etdirə və satışını təşkil edə biləcəklər. Çay evində isə Lahıca və Basqala aid halva və şirniyyatların da yer aldığı çay süfrəsi təşkil ediləcək. Hər gün axşam saatlarında musiqi proqramları, folklor qruplarının çıxışları nəzərdə tutulub.

Layihə turizmin inkişafında əhəmiyyətli rol oynayacaq, sənətkarlıq məhsullarının tanıdılmasında zəmin yaradacaq. “Sənətkarlıq bazarı” yerli əhaliyə və rayona gələn turistlərin asudə vaxtının səmərəli təşkilinə xidmət edəcək. Qonaqlar üçün İsmayıllı rayonu ilə tanışlıq buradan başlanacaq.

Açılış mərasimində İsmayıllı Turizm İnformasiya Mərkəzi tərəfindən toplanmış suvenirlərin, Lahıc ustaları tərəfindən misdən hazırlanmış sənətkarlıq nümunələrin, Basqal sənətkarlarının xam ipəkdən hazırladığı kəlağayıların, Qalacıq kənd Sənətkarlıq klubunda fəaliyyət göstərən xalçaçılıq dərnəyi üzvlərinin əl işləri, İvanovka kəndinin kənd təsərrüfatı məhsullarının satış-sərgisi, eləcə də yerli yazarların kitablarının sərgisi və İsmayıllı rayon Rəsm Qalereyası tərəfindən rəsm sərgisi təşkil olunub.

Tədbirdə Heydər Əliyev adına Mədəniyyət mərkəzinin "Niyal" instrumental ansamblı, F.Əzimov adına uşaq incəsənət məktəbinin şagirdləri və İvanovka Xalq folklor kollektivi konsert proqramı ilə çıxış edib.

 

 

Mədəniyyət.- 2016.- 17 iyun.- S.8.