Səs bulaq kimi çağlasın deyə...

 

Foneatr nədən danışdı?

 

Dilimizdə səslə, nitqlə bağlı xeyli deyim var. Məsələn, səsim batdı, nitqim kəsildi, boğazım qurudu... İnsan soyuqlayanda, turş, acı, hədsiz şirin yeyəndə, qışqıranda, ən çox da stress keçirəndə səsi batır, nitqi kəsilir, boğazı quruyur. Bir qədər sonra isə, bu hal keçib gedir. Kimində tez, kimində də bir qədər gec. Bəs müğənnilər, aktyorlar, teleradio aparıcıları, müəllimlər, vacib görüşünə hazırlaşan, mühüm bir tədbirdə çıxış edəcək şəxslər? Axı, onların səsinin yerində olmaması üzündən sənət həyatı və karyeraları üçün zərər görə bilər. Deməli, səsimizin həkimini tapmalıyıq. Təbabətdə bu dar ixtisas sahibinə foneatr, onun məşğul olduğu sahəyə isə foneatriya deyirlər. Foneatriya “səsi müalicə edirəm” mənasını verir.

 

Azərbaycanda 17 iyun - səhiyyə işçilərinin peşə bayramının qeyd olunduğu bir gündə bu ixtisas sahibi ilə söhbət yerinə düşər. Foneatr Fəxriyyə Əsədovanın adı bizim ifaçılara yaxşı tanışdır.

 

- Fəxriyyə xanım, bildiyim qədər Azərbaycanda foneatriyanın tarixi o qədər də qədim deyil.

- Həqiqətən də, foneatriya nisbətən cavan sahədir. Hərçənd İtaliyada, Avropanın digər ölkələrində hələ ötən əsrin ortalarında həkimlər foneatriya ilə məşğul olublar və müğənnilər, vokalçılar hər zaman onlara müraciət edib. Mən hələ Tibb İnstitutunda oxuyanda Fəridə Rəcəbova adlı səslə məşğul olan larinqoloq var idi, onun mühazirələrində, praktiki məşğələlərində iştirak etmişəm. Amma foneatriya konkret bir sahə kimi ölkəmizdə son illər inkişaf edir, artıq bu sahədə bir neçə tanınmış həkim var.

- Necə oldu ki, bu sahəyə maraq göstərdiniz?

- Bir dəfə bir toy məclisində söz düşdü ki, milliyyətcə türkmən olan foneatr Müşərrəf xanım Azərbaycandan gedib deyə, bizim oxuyanlar da həkim axtarışında gah Gürcüstana, gah İrana, gah da Türkiyəyə üz tuturlar. Düzü, bu söz mənə toxundu. Axı, bizdə savadlı larinqoloqlar çoxdu, niyə kimsə bu sahəyə getmir? O zaman mən ailə vəziyyətimlə əlaqədar Moskvada yaşayır, ixtisasım üzrə işləyirdim. Maraqlandım, kurslara getdim, foneatriyanın sirlərini öyrəndim. Moskvanın baş foneatrı Yekaterina Vladimirovna Osipenko mənim ilk pedaqoqum olub.

- Çoxları elə səs telləri deyib keçir. Bu ifadə nə qədər düzgündür?

- Səs telləri el arasında, qeyri-tibbi ədəbiyyatda yayılmış ifadədir. Amma təbabətdə bu əzələlərə səs büküşü deyirlər. Əvvəllər heç çoxları da bilmirdi ki, foneatr kimdir, müğənnilər də səs həkimi deyirdilər.

- Bizim xalqda səsi güclü ifaçılar həmişə çox olub. Bəlkə elə çox olduğu üçün gözəl səslərin qədrini bilmirik? Kimsə deyə bilər ki, əvvəllər o qədər güclü səs sahibləri var idi, heç həkim də yox idi...

- Qədir bilməkdən söz düşmüşkən, əslində LOR (otolarinqoloq) həkimləri səs telləri ilə məşğul olublar, amma sadəcə, o zaman indiki aparatlar, cihazlar, birdar ixtisaslaşma olmayıb. Həm də bu gün həyatın ritmi başqadır, həyatımızda stress çoxdur. Odur ki, səs tellərindən işçi orqan kimi istifadə edən mütəxəssislər mütləq həkimə müraciət etməli, profilaktik tədbirlər görməlidir.

- Sizə ən çox kimlər müraciət edir: vokalçılar, xanəndələr, yoxsa estrada müğənniləri?

- Hamısı. Alim Qasımovdan muğam müsabiqələrində iştirak edən gənc xanəndələrədək hər kəs mənim yanıma gəlir. Opera teatrının solistləri də tez-tez gəlirlər. Məsələn, Xalq artisti Mənsum İbrahimov əgər bir-iki gündən sonra teatrda Məcnunu oxuyacaqsa, mütləq gəlib profilaktik müayinədən keçir, tamaşadan sonra gəlib səs tellərinin vəziyyəti ilə maraqlanır. Çünki Allahın ona verdiyi nemətin qədrini bilir, onun qayğısına qalır. Vokalçıların çoxu, xanəndələr, estrada müğənniləri, daha çox el şənliklərində çıxış edən müğənnilər də ara-sıra profilaktika məqsədilə prosedurlardan keçirlər.

- Bəs bizim müğənnilərimizdən kimin səsi, sırf tibbi-fizioloji baxımdan sizi heyran edir?

- Flora Kərimovanın!.. Təsəvvür edirsiniz, yaşla əlaqədar istər-istəməz orqanizmdə qocalma gedir, hormonal dəyişiklik baş verirbu da səs büküşünə mütləq təsir göstərir. Flora xanımın səs büküşü ilə gənc müğənninin səs büküşü arasında elə bir fərq yoxdur. Bu, nadir hadisədir.

- Fəxriyyə xanım, səs tellərinə baxmaqla həmin səsin çalarını müəyyən etmək mümkündür?

- Bəli, səs büküşlərini fonasiya edirik. Səs telinin quruluşuna əsasən deyə bilərəm ki, filan səs büküşünün sahibinin səsi ya sopranodur, ya metso-soprano.

- Yəqin özünüz də dəfələrlə görmüsünüz ki, hansısa müğənni oxuyanda boyun damarları şişir, ya da onu dinləyərkən adama elə gəlir ki, bu dəqiqə müğənninin səsi qırılacaq. Bəs bu hal niyə baş verir?

- Əgər ifa zamanı müğənninin boyun damarları şişirsə, bu, o deməkdir ki, müğənni xarici qırtlaq əzələlərindən istifadə edir, yalançı səs tellərini gərginliyə salır, əslində bunun ilk səbəbi tənəffüsü qura bilməməkdir.

- Təbabətdə üç cür tənəffüs növü var: sinə, qarın və sinə-qarın tipli qarışıq tənəffüs. Oxumaq səsi üçün ən əlverişli tənəffüs hansıdır?

- Qarın tipli tənəffüs. Diafraqma geniş olduqca oxuyanın səs ehtiyatı da çoxalır.

- Bəs səsin qədrini bilməmək hansı fəsadlara gətirib çıxarır?

- Səs tellərində düyünlər, kistalar, poliplər yaranır ki, bəzən bunları cərrahiyyə yolu ilə aradan götürmək fəsadsız ötüşmür. Son illər tibb sürətlə inkişaf edir, bu gün müayinə zamanı səs büküşündə aşkarlanan hər hansı kistaya polipi müalicə yolu ilə aradan qaldırmaq mümkündür. Əslində səs büküşünün üstündəki törəmənin xoş, ya da bədxassəli olduğunu yalnız histoloji analiz müəyyən edə bilər. Buna görə də ilk növbədə müalicəyə üstünlük vermək lazımdır, əməliyyat ən son seçimdir.

- Sizin foneatriya praktikanızda belə hallar olubmu?

- Bəli, olub. Sadəcə, mən həmin müğənnidən icazə almadığım üçün bu həkimlik sirrini mətbuata aça bilmərəm.

- Səsi olanlar foneatra zaman müraciət etməlidir?

- Səsi, musiqi duyumunu verən Allahdır. Biz sadəcə, bu neməti qorumağa kömək edirik. Son muğam müsabiqəsinin bütün iştirakçıları bizim kabinetdə olublar. Profilaktika müğənniyə, xanəndəyə səsini düzgün nizamlamağı öyrədir. Hər kəs öz səs pərdəsində oxusa, onun səsi ömür boyu itməz. Bəzən gənclər, ya da toy müğənniləri burunlarına cirə, şaftalı yağı tökürlər ki, səs açılsın. Həqiqətən , bu, səsi müvəqqəti açır, amma sonradan əzələləri qalınlaşdırır səsin korlanmasına səbəb olur.

- Fəxriyyə xanım, bəs səs sənətçilərindən başqa sıravi vətəndaşlar hansı səs problemi ilə daha çox müraciət edirlər?

- Bu gün nədənsə yeniyetmələr arasında isterik nevroz halları çoxalıb ki, bu da səsin batması kimi fəsad verir. Ən qorxulusu isə, qalxanvari vəzinin cərrahi əməliyyatı zamanı səs büküşünün zədələnməsi, hətta iflic olmasıdır. Amma vokaSTİM - səsin sinir-əzələ keçiriciliyini stimulyasiyası aparatının köməyilə ardıcıl prosedurlardan keçməklə bundan qurtulmaq mümkündür.

 

...Bu gün biz "Mədəniyyət" qəzetində həkimlə söhbət etdik. Həm foneatr Fəxriyyə Əsədəovanın simasında sağlamlığımızın keşiyində duran tibb işçilərinə ehtiramımızı bildirdik, həm daha çox vokal sənətinə xidmət edən sahənin mütəxəssisini tanıtmaq istədik. Bayramınız mübarək, əziz həkimlər!

 

Gülcahan Mirməmməd

Mədəniyyət.- 2016.- 17 iyun.- S.10.