Multikulturalizm ölkəsində sürət yarışı

 

Rəsm sərgisində 100-dək əsər nümayiş olunub

 

İyunun 17-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Formula-1 yarışları multikulturalizmin mənbəyi olan Azərbaycanda” adlı sərgi açılıb. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və “Əhalinin maarifləndirilməsinə mütəxəssislərin dəstəyi” İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşib.

Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov çıxış edərək Bakıda keçirilən beynəlxalq səviyyəli tədbir - Formula-1 Avropa Qran-prisinin ölkəmiz üçün əhəmiyyətindən söz açıb.

Qeyd olunub ki, Rəssamlar İttifaqı ölkəmizdə reallaşan beynəlxalq əhəmiyyətli tədbirlərə hər zaman müxtəlif mövzulu sərgilərlə öz töhfəsini verir. A.İbrahimov “Formula-1 yarışları multikulturalizmin mənbəyi olan Azərbaycanda” adlı sərginin də bu ənənənin davamı olduğunu deyib. Bildirilib ki, sərgidə nümayiş olunan 100-dək sənət əsərinin əsas mövzusunu təbiət mənzərələri, humanizm, tolerantlıq, vətənpərvərlik, xeyirxahlıq və tematik mövzular əhatə edir. Həmçinin, emosional hissələrin rənglərlə ifadəsi də əsərlərin əsas mövzularındandır.

Almaniya-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev çıxış edərək fırça ustalarının sərgidə yer alan əsərlərinin bənzərsizliyindən danışıb. Vurğulanıb ki, sərgidə nümayiş olunan sənət əsərlərində müxtəlif fəlsəfi yanaşma ilə yanaşı, milli dəyərlərin və xalqımızın unudulmaz ənənələrinin təsvir edilməsi də xüsusi əhəmiyyət daşıyır.

Layihənin rəhbəri Elnurə İsgəndərova bildirib ki, sərginin əsas məqsədi Bakıda baş tutan Formula-1 Avropa Qran-prisinə dəstək olmaqdır.

Sərgidə fərqlənən bir qrup rəssama müxtəlif hədiyyə və diplomlar verilib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

 

Mədəniyyət.- 2016.- 22 iyun.- S.9.