Uşaq incəsənət məktəbinin 45 illiyi qeyd edilib

 

 

Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbinin 45 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.

Tədbirdə məktəbin xalq çalğı alətləri ansamblının ifasında xalq və bəstəkar mahnıları, nağaraçalanlar ansamblının və xor kollektivinin çıxışı, tar, saz, fortepiano, skripka sinfi şagirdlərinin ifasında dünya və Azərbaycan bəstəkarlarının əsərləri, şagird və müəllimlərin solo ifası, rəqs şöbəsi şagirdlərinin çıxışları alqışlarla qarşılanıb.

Tədbirə qonaq qismində qatılan məktəbin yetirməsi, Azərbaycan Milli Konservatoriyasının müəllimi, professor Vasif Allahverdiyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Sumqayıt komitəsinin sədri, şair Əşrəf Şəfiyev çıxış edərək məktəbin müəllim və şagird kollektivini təbrik edib, xoş arzularını çatdırıblar.

Tədbirdə məktəbin yarandığı vaxtdan bu günə qədər olan fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, məktəbin şagirdləri dəfələrlə beynəlxalq və ölkə miqyaslı müsabiqə və festivallarda uğurla çıxış ediblər.

Sonda tədbir iştirakçıları məktəbin rəsm şöbəsi şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

 

Mədəniyyət.- 2016.- 22 iyun.- S.5.