Şəkidə turistlər üçün yeni layihə

 

 

Qala divarları ərazisində atçılıq üzrə turizm marşrutunun təqdimatı keçirilib

 

Şəki Mədəniyyət və Turizm Şöbəsi və rayonun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə iyunun 17-də şəhərdəki Qala divarları ərazisində atçılıq üzrə yeni turizm marşrutunun təqdimat mərasimi keçirilib.

 

Təqdimat mərasimi yerli sakinlər və turistlər tərəfindən maraqla qarşılanıb. İştirakçılara məlumat verilib ki, yay turizm mövsümünün sonunadək Şəkidə atçılıq turizmi üzrə yeni marşrut fəaliyyət göstərəcək. Maraq göstərənlərin böyük əksəriyyətinin at minmək sahəsində təcrübəsi olmadığı nəzərə alınaraq onlara yüksəkixtisaslı peşəkar təlimatçıların yardımı da nəzərdə tutulur.

Yay aylarında Şəkiyə gələn turistlərin sayı xeyli artır. Qonaqların istirahətini mənalı və səmərəli təşkil etmək məqsədilə hər gün “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda, qədim Qala divarlarının ərazisində onlar üçün müxtəlif musiqili proqramlar təşkil edilir. İstəyirik ki, turistlər Şəkidən xoş təəssüratlarla ayrılsınlar.

Bu sözləri Mədəniyyət və Turizm şöbəsinin müdiri Mirvari Zeynalova deyib. Onun bildirdiyinə görə, qoruğun ərazisində turistlərə daha bir əyləncə növünün - atla gəzintinin təklif olunmasında məqsəd xalqımızın atçılıq ənənələrini nümayiş və təbliğ etmək, eyni zamanda atçılıq turizmini inkişaf etdirməkdir. Bu məqsədlə Respublika Atçılıq Turizm Mərkəzi ilə birgə hazırlıq işləri görülüb, atlar ayrılıb, təcrübəli mütəxəssislər cəlb olunub: “İlk gündən hiss olunur ki, turistlər atla gəzinti ilə maraqlanırlar. Ümid edirik ki, bu təşəbbüs turizmin inkişafına öz töhfəsini verəcək”, - deyə o əlavə edib.

 

Mədəniyyət.- 2016.- 22 iyun.- S.7.