Uzunömürlülər diyarında istirahət imkanları

 

 

Azərbaycanın dilbər guşələrindən olan Lerik rayonu təkcə uzunömürlülər diyarı kimi deyil, füsunkar təbiətə və qədim tarixə malik bölgə kimi də tanınır. Alimlərin fikrincə, Lerikdə insanların uzun ömür sürməsinin əsas səbəblərindən biri buranın təbiəti ilə bağlıdır.

Rayon ərazisindəki gözəl meşələr, mineral su və təmiz, saf çeşmələr turizmin inkişafı üçün hər cür imkan və şəraitin olduğunu göstərir. Rayonda 10 turizm obyekti, turistlərin marağını nəzərə alaraq onların səyahətlərini təşkil etmək məqsədilə iki turist marşrutu fəaliyyət göstərir. Turizm obyektlərində mənalı istirahət üçün hər cür şərait yaradılıb. Atla gəzinti, göldə qayıqla avarçəkmə, rayonun tarixi abidələrinə, muzeylərinə, mağara və səfalı yerlərinə ekskursiyaların təşkili həyata keçirilir. Turist obyektlərində yerlərin sayını artırmaq üçün əlavə yeni tikintilər aparılır.

Keçən yay turizm mövsümündə Lerikdə 8 minə yaxın turist istirahət edib. Onlardan 900-dən çoxu xarici ölkə vətəndaşları olub. Bu yay da Lerikə çoxlu turist axını gözlənilir.

 

Mədəniyyət.- 2016.- 22 iyun.- S.7.