Maks Raynhardtın alman teatrı

 

 Dünyanın örnək səhnə ocaqları

 

Maks Raynhardt adına Alman Teatrı Berlində yerləşir. Binası 1848-ci ildə yay teatrı üçün tikilib, amma kral sarayı teatrı ilə uğurla rəqabətə girən daimi şəhər teatrı - “Fridrix Vilhelm Ştedtişesteatr” üçün 1850-ci ildə yenidən inşa olunub.

 

Teatr öz repertuarlarına dram və komediyaları, zinqşpil (zinq - oxuma, şpil - oyun) adlanan səhnə əsərlərini daxil etmişdi. Zinqşpil XVIII əsrdə və XIX əsrin əvvəllərində geniş yayılmış, xalq musiqi mədəniyyəti ilə bağlı musiqi dramıdır.

Teatrın səhnəsində Avropada məşhur olan kollektiv və aktyorlar - Mayninqen teatrı, E.Rossi, T.Salvini, A.Zonnental çıxış etmişlər. 1883-cü ildən 1894-cü ilədək teatra dramaturq L.Arronj rəhbərlik etdi. O, aktyorlardan E.Possart, L.Barna, A.Fyoster, F.Qaaze ilə birlikdə klassik repertuarın üstünlük təşkil etdiyi və mükəmməl bədii ansambla malik milli teatr yaratmağa çalışırdı. Teatrın açılışı 1883-cü ilin sentyabr ayında Froysterin quruluşunda Şillerin “Məkr və məhəbbət” pyesinin tamaşası ilə baş tutdu. İlk mövsümdə Şillerin “Don Karlos” və “Qaçaqlar”ı, Hötenin “İfigeniya Tavriddə”si, Şekspirin “Romeo və Cülyetta”sı tamaşaya qoyuldu. İkinci mövsümdə teatr klassiklərin əsərlərini hazırlamağı davam etdi. Onların sırasında Höte və Şiller, Lessinq və Şekspirin əsərləri vardı.

Amma yalnız ciddi klassik əsərlər üzərində dayanmaq elə də asan deyildi. Bununla bağlı rəhbərlikdə yekdillik yox idi, fikir ayrılığı yaranmışdı, ona görə də repertuarda farslar, L.Arronjın özünün sentimental pyesləri yer alırdı. Bu da aparıcı aktyorların teatrı tərk etməsi ilə nəticələndi.

1894-1904-cü illərdə Alman Teatrına ədəbi tənqidçi və rejissor Otto Bram (1856-1912) başçılıq edir. Bram alman səhnə naturalizminin banisi sayılır. 1889-cu ildə Berlində bir qrup tənqidçi ilə bərabər, A.Antuanın Parisdəki “Azad Teatr”ına bənzər teatr yaratmışdı. Teatrın öz binası olmadığından kollektiv tamaşalarını Berlinin müxtəlif teatrlarında, əsasən də “Lessinq teatr”da verirdi. İbsenin “Kabus” və Hauptmanın “Dan yeri sökülməzdən əvvəl” pyeslərinin quruluşları teatrın proqram tamaşaları idi. Bramın naturalizminin manifesti də öz bədii ifadəsini onlardan almışdı. Teatrdakı işi ilə yanaşı, Bram sənətdə naturalizmə dair baxışlarını əks etdirən “Azad teatr” adlı jurnal da təsis etmişdi.

O, ətrafına məsləkdaşlarını yığaraq mükəmməl truppa yaratmışdı. Truppaya R.Ritner, E.Reyxer, O.Zaker, M.Raynhardt, E.Leman, P.Bertens, A.Basserman daxil idi. Bramın səhnə naturalizmi yenilik kimi qəbul olunurdu. Bütün məişət səhnələri və əşyalar səhnədə təfərrüatı ilə göstərildiyindən qeyri-adi teatr cazibədarlığı kəsb edirdi. Həmin dövrdə Alman Teatrının səhnəsində Hauptmanın və İbsenin bir çox pyesləri hazırlanırdı. 1900-cü ildə O.Bram L.Tolstoyun “Zülmət səltənəti”ni tamaşaya qoydu. Tamaşada Akim rolunu Maks Raynhardt oynayırdı. Bram çalışırdı ki, saxta pafosu və deklamasiyaçılığı, geriliyi aradan qaldırsın. Amma rejissor sənətində naturalizmə tam riayət etmək, məişət təsvirlərində fotodakı kimi dəqiqlik səhnədə baş verən yeksənəkliyi, adiliyi, qəsdən nəzərə çarpdırma, şüurlu olaraq qəhrəmanlıq nümunələrini boğma repertuar seçməkdə çətinlik, məhdudluq yaradırdı. Çünki naturalizm özü məhdud sənətdir. O, başlıca amilləri - tipikliyi, psixologiyanı ikinci plana çəkirdi. Nəticədə səhnə naturalizmi teatrı tənəzzülə uğratdı.

Bram 1905-ci ildə teatrı Maks Raynhardta vermək məcburiyyətində qaldı, özü isə ömrünün sonuna kimi işlədiyi “Lessinq teatr”a keçdi. 1910-cu ildən başlayaraq “Lessinq teatrı”nın da tənəzzül dövrü başladı, ən yaxşı aktyorlar Maks Raynhardtın Alman Teatrına keçdilər.

Maks Raynhardt (1873-1943) görkəmli alman aktyoru və rejissorudur. O, Vyana konservatoriyasının nəzdində teatr məktəbini bitirmişdi. Alman teatrına gəlişinə qədər Brotislav və Zalsburq teatrlarının səhnəsində çıxış etmişdi. Rejissorluq sənətinə “Küy və tüstü” kabaresində qədəm basmışdı. 1902-ci ildə kabarenin əsasında “Kiçik teatr” yarandı, orada Almaniyada ilk dəfə olaraq M.Qorkinin “Həyatın dibində” pyesi “Yurdsuzların sığınacağı” adı ilə tamaşaya qoyuldu. Raynhardt tərəfindən tamaşaya qoyulan bu əsər böyük uğur qazandı və rejissora şöhrət gətirdi. Tamaşada obrazların səciyyəvi xüsusiyyətlərinin verilməsi, tipik cizgilərin işlənməsi, naturalist, təbii detallarla, fantastik və mistik elementlər bir-birinə bağlanmışdı. Qorkinin əsərini tamaşaya qoyan Moskva Bədaye Teatrının aktyorları kimi Alman Teatrının aktyorları da qəhrəmanların prototiplərinin real həyat tərzini öyrənmək üçün yurdsuzların sığınacağına baş çəkmişdilər. Maks Raynhardt tamaşaya yüksək insanlıq hissləri aşılamışdı. O, xəstələrin, yoxsulların, talesizlərin hər birinin həsəd çəkdiyi arzularını canlandıra bilmişdi.

Tamaşanın uğuru rejissorun gələcək taleyini müəyyən etdi və Raynhardtı ikinci, daha böyük teatrı yaratmağa həvəsləndirdi. O, həmin teatrı “Yeni teatr” adlandırdı və 1903-1906-cı illərdə ona rəhbərlik etdi. Teatrın repertuarı təkcə modernist-simvolik dramaturgiyadan ibarət deyildi, orada klassika da özünə yer almışdı. 1903-cü ildə bu teatrda Tolstoyun “Maarifin bəhrələri” pyesi tamaşaya qoyuldu.

Raynhardt rejissorluğunun yüksəliş dövrü onun 1905-ci ildən başlayaraq I Dünya müharibəsinin başlanmasına qədər daimi, sonrakı vaxtda -1933-cü ilə kimi müəyyən fasilələrlə rəhbərlik etdiyi Alman Teatrı ilə bağlıdır. Teatrda o, əsas etibarilə klassik dram əsərlərini tamaşaya qoyurdu. “Kamera teatrı” adlanan eksperimental səhnə də yaradır. Öz aktyorlarını yetişdirmək cəhdi böyük rejissorlara xas keyfiyyət olduğundan o da Alman Teatrının nəzdində dram sənəti məktəbi təşkil edir. Raynhardt öz teatrında zəmanəsinin qüdrətli aktyorları A.Bassermanın, V.Krausun, E.Yanninqsin də daxil olduğu əla ansambl yaratmışdı. Onun yaradıcılığı müstəqil sənət növünə yalnız XIX əsrin ortalarında çevrilən Qərbi Avropa rejissor sənətinin inkişafının mühüm mərhələsidir. Raynhardt öz metodunda Avropa rejissorlarından çox şey əxz etmişdi, eyni zamanda öz yaradıcılığını 1880-ci illərdə tənəzzülə uğramağa başlayan Antuanın və Bramın naturalist məktəbinə qarşı qoymuşdu. Özünün quruluşları ilə Raynhardt rejissor sənətini özünəməxsus, orijinal bədii yaradıcılıq səviyyəsinə qaldırdı. Onun axtarışları sırf formal xarakter daşımırdı. Əksinə, bütün ifadə vasitələri bir məqsədə - pyesdə rejissorun aşkarladığı ideyanın tamaşalarda üzə çıxarılmasına yönəlmişdi. Raynhardtdan söz düşəndə “əhval-ruhiyyə yaradan teatr” kəlməsini işlədirdilər. İlk quruluşlarında Raynhardt aktyor Otto Bramla işləyə-işləyə dərindən bələd olduğu səhnə naturalizminin əleyhdarı kimi çıxış edirdi. Onun əzəmətli tamaşası olan “Yay gecəsində yuxu” (Şekspir) uzun illər göstərildi.

Raynhardt poetik tamaşa hazırlamışdı, həyatı açıq-aydın, rəngbərəng, amma sonsuz dərəcədə gözəl təsvir etmişdi. Bu tamaşa rejissorun novatorluq şöhrətini möhkəmləndirdi. Quruluşda o vaxta kimi görünməyən məntiqlik və nizam tamaşanın bütövlüyündə əksini tapmışdı. Bu adicə ansambl bütövlüyü deyildi, ümumiləşdirilmiş düşüncənin obrazlı təcəssümü idi. “Yay gecəsində yuxu”da Raynhardt böyük həcmli dekorasiyadan istifadə etmişdi. Ağacların yoğun gövdəsi, onların çətirləri tamaşaçıların görmədiyi səmaya ucalıb, ağacların arxasındakı göldə əks olunan ayın şəfəqləri gövdənin arasından gümüş kimi parıldayır. Fırlanan dairədə açıq yaşıl libas geymiş pərilər ötüb keçirlər. Tamaşanın əsas qayəsi - insanın təbiətlə harmonik və məsud, xoş birliyi romantik və realist elementlərin vəhdəti vasitəsi ilə inandırıcı şəkildə verilmişdi.

1906-cı ildə Raynhardt İbsenin “Kabus” əsərini tamaşaya qoyur. Bu tamaşa onun, rejissorluqdan əlavə əlahiddə, xüsusi səhnə ifadələrini açan həssas psixoloq olduğunu təsdiqlədi. Amma bu tamaşanın atmosferi artıq başqa cür - ağır, darıxdırıcı idi. Səhnədə pəncərənin arxasından çiskin havanın təəssüratını oyadan donuq, ölgün dekorasiyalar quraşdırılmışdı. Tüğyan edən külək və yağış isə ümidsizliyin və əlacsızlığın nişanəsi idi. Tamaşanın məğzində ana ürəyinin ağrılarının fəlsəfəsi dayanmışdı. O vaxta kimi isə başqa rejissorlar bu pyesə “Frau Alvinqin onun əl-qolunu bağlayan meşşan zehniyyətinə - qarabasmalarına etirazı” kimi quruluş verirdilər. Raynhardtın quruluşunda İbsenin əsəri “ittiham” əsərindən çox rəhmdillilik pyesi kimi səslənirdi.

İnsanın naümidliyi, gücsüzlüyü, müdafiəsizliyi rejissorun bir çox başqa tamaşalarında da öz əksini tapmışdı. Lakin Şekspir Raynhardtın həmişə sevimlisi olmuşdur. Onun 36 pyesindən 22-sini Raynhardt tamaşaya qoyub. Şekspirin komediyalarında rejissor müəllifə xas duyğuların intəhasız şənliyini, poetik səmimiyyətini, insanın qəlbən və ruhən nikbinliyini canlandıra bilmişdi. Raynhardtın quruluşunda Şekspirin faciələrindəki çaşqınlıq və qarşıdan gələn fəlakətlərin duyulması əksini tapmışdı. “Otello”da dekorasiyaların və kostyumların ziyafətsayağı görüntüləri tamaşaçıları heyrətə gətirmişdi. Onlar özlüyündə müəyyən əhəmiyyət kəsb etməsələr də, mükəmməl, tam bədii əsərin vücudunu tamamlayırdılar.

Alman Teatrında Raynhardt Hötenin “Faust”unu da, antik dramaturgiyadan Esxilin, Sofoklun, Evripidin, Aristofanın əsərlərini hazırladı. O, Bernard Şounun da, Romen Rollanın da, rus yazıçılarından Anton Çexov və Nikolay Qoqolun da əsərlərini tamaşaya qoydu. Sofoklun “Çar Edip”ini Raynhardt sirk səhnəsinə köçürtdü. O deyirdi: “Bu tamaşa üçün sirki meydan seçməyim elə düşünülməməlidir ki, söhbət antik teatrın təqlidindən gedir. Mən öz qarşıma məqsəd qoymuşdum ki, zəmanəmizin ruhundan çıxış edərək Sofoklun faciəsinə yeni həyat verim... Müasir və qədim səhnə arasında əlaqələr yaratmaq üçün antik teatrın təsirini oyadan, onunla sıx bağlı olan irimiqyaslı, geniş səhnəyə ehtiyac duyurdum”. Tamaşanın irimiqyaslığı təkcə boş səhnəsi vasitəsilə deyil, antik tragediyanın zəruri yerlərində oxuyan böyük (əlli nəfərə yaxın) xor vasitəsilə də verilirdi.

Raynhardt teatrda gerçəkliyi əks etdirən realist səhnə tamaşasından tutmuş gərgin, kəskin ifadə vasitələrinin ardınca gedib biçimsiz modernizmə qapılmaya qədər uzun bir yol keçmişdir. Amma onun üslub müxtəlifliyində müəyyən, açıq-aşkar qanunauyğunluq vardı. Rejissor həmişə cəhd göstərirdi ki, zəmanəsinin bədii təmayüllərinə, cərəyanlarına qarşı həssas olsun. Öz yaradıcılıq yolunu əmin-amanlıq və firavanlıq illərində başlayan bir insana 30 il müddətində I Dünya müharibəsinin, Hitlerin nasional-sosializminin, II Dünya müharibəsinin törətdikləri faciələrə qatlaşmaq nəsib olmuşdu. O, qeyri-adi dərəcədə həssas sənətkar idi. Ona görə də dövrünün sarsıntılarını və faciələrini öz yaradıcılığında əks etdirirdi. Hər pyesə müvafiq üslub tapa bilirdi. Onun üçün aktyor həmişə əsas amil idi. Raynhardt teatrında kütləvi səhnələr də az əhəmiyyət kəsb etmirdi. Kütlə, cəmiyyət, xalq, əlbəttə ki, ayrı-ayrı fərdlərdən ibarətdir, amma elə ki, söhbət onların ümumi taleyindən gedir, onda fərdi ayrılıqlar, maraqlar arxa plana çəkilir.

“Çar Edip”də kütləvi səhnələr tamaşa üçün çox vacib idi. Bu, tamaşada vahid ton və hərəkat yaradan, eyni zamanda qalxan yüzlərlə əldən, birgə səslənən ümumi nalə və fəryaddan ibarətdir. Kütləvi səhnələri Raynhardt həmişə təmtəraqla qururdu, müasirləri bu səhnələri rəngkarlıq tabloları ilə müqayisə edirdilər. Təbii səsin (o zaman bütün səs effektini insanlar yaradırdılar - A.İ.) və sözün köməyi ilə kütlə məharətlə canlandırılırdı, vücuda gətirilirdi. Hərəkətlər tamaşaçı zalına güclü orkestrsayağı təsir qismində qurulurdu. O, teatr formaları sahələrində cəsarətli eksperimentator idi. Tamaşanın həmahəngliyinə böyük əhəmiyyət verirdi. Müxtəlif səhnə meydanlarında işlədiyindən rejissor müxtəlif teatrlarda aktyor sənəti ilə bağlı anlayışlarını, təsəvvürlərini canlandırdığı kimi bu səhnələrdən (açıq və bağlı, sirk meydanı və xudmani salonlardan) yararlanaraq bütün quruluş, kompozisiya imkanlarını üzə çıxarırdı.

Zalsburqda (1920) teatr festivalı təşkil etmək ideyası da Raynhardta məxsusdur. O, festivalda kilsənin qarşısındakı meydanın Hofmanstalın işləməsində orta əsrlərə məxsus “Hər bir insan” misteriyasını tamaşaya qoymuşdu. Raynhardtın gəlişi ilə Alman Teatrının naturalist görkəmi təbiətin, xalq bayramlarının və karnavallarının səhnədə canlandırılmasının timsalında dəyişdi, başqa şəkil aldı. O, tamaşa üzərində işləmək üçün bəstəkarları, baletmeysterləri, rəssamları dəvət edirdi.

1905-1915-ci illərdə Raynhardtın tamaşaları karnaval tamaşalarından dini misteriyalara və fəlsəfi dram əsərlərinə kimi öz janr müxtəlifliyi ilə tamaşaçıları valeh edirdi. Tamaşaların birində faciəvi təlatümlərin tükənməzliyi üstünlük təşkil edir, digərində isə kütlə karnaval aləminin həyatsevərliyinə dalırdı. Bütün bunlarla - tamaşanın əsas qayəsilə rejissor bir amili - insana məhəbbətini izhar edirdi. 1917-ci ildə Raynhardt ilk ekspressionistlər - Kayzerin, Zorgenin, Heringin, Hazenkleverin müharibə əleyhinə olan pyeslərini tamaşaya qoyur. Amma klassikanı da unutmur. A Çexovun “İvanov”, Şekspirin “Yuli Sezar” pyeslərinə səhnə həyatı verir.

Raynhardt maliyyə asılılığını dəf etməyə nail olmuş rejissorlardan idi. O, işgüzar adam idi, onun haqqında ilk “rejissor-işbaz” deyilirdi. Bir sıra iqtisadi formalar kommersiya teatrlarının təcrübəsindən alınmışdı. Bura teatrın trestləşdirilməsi (onun bir neçə səhnəsi vardı), məşhur aktyorların yüksək qonorarlarının müəyyən hissəsinin teatrın hesabına köçürülməsi, teatr premyeralarının geniş reklamı, müqavilələrin ölçülüb-biçilmiş şəkildə bağlanması daxil idi. Yalnız maliyyə cəhətdən qeyri-asılılığı nəticəsində o, kütləvi teatr yaratmaq da daxil olmaqla, möhtəşəm ideyalarını həyata keçirirdi.

1920-ci ildə o, Şumanın Berlin sirkini yenidən qurur və onu dram tamaşaları göstərmək üçün uyğunlaşdırır. O, burada antik teatrın prinsiplərindən istifadə edir. Sirkin meydanının kənarlarını geniş səhnə önünə çevirir, onun içərisində səhnə qutusunu yerləşdirir. Səhnəni əhatə edən yarımdairə 3 min tamaşaçı tuturdu. Bu möhtəşəm səhnədə Raynhardt R.Rollanın “İnqilabi dram”ı, “Danton”u, Aristofanın “Lizistrata” komediyasını, Şillerin “Qaçaqlar”ını göstərir. Beləliklə, Raynhardt 20-ci illərdə təkcə yalnız müxtəlif teatrlarda deyil, eyni zamanda iki ölkədə işləyirdi. O, özünün Alman Teatrı ilə yanaşı, Vyananın “İozefştadteatr”ına (1923-1927) rəhbərlik edir, burada alman klassiklərinin əsərlərini tamaşaya qoyur. O, eyni zamanda bir neçə Berlin teatrında, sirkin binası əsasında yenidən qurulmuş Böyük Teatrda və onun özü tərəfindən 1924-cü ildə yaradılmış Kurfyurstendamm “Komediya teatrı”nda tamaşalar hazırlayır.

Amma hakimiyyətə nasional-sosialistlərin gəlməsi nəticəsində onun var-dövləti, mülkiyyəti əlindən alındı. 1933-cü ildə Raynhardt Almaniyanı tərk edir, Avstriyada məskunlaşır və burada “İozefştadteatr”da klassiklərin əsərlərini tamaşaya qoyur.

Eləcə də 1928-ci ildən Vyanada təşkil etdiyi “aktyor və rejissor” seminarlarını 1938-ci ilədək - faşist Almaniyası Avstriyanı işğal edənə kimi davam etdirir.

1938-ci ildə o, ABŞ-a mühacirət edir. Hollivudda teatr məktəbinin əsasını qoyur və Şekspirin əsərlərinin süjeti əsasında bir neçə filmə quruluş verir.

Almaniya bölündükdən sonra Alman Teatrı Almaniya Demokratik Respublikasının ərazisinə düşür. Bu teatrın həmin zaman (1945) hazırladığı ilk tamaşalardan biri Lessinqin nasional-sosialistlər tərəfindən qadağan olunmuş “Müdrik Natan” pyesi idi. Teatra rəhbərliyi əvvəl Q.Vanqenheym, sonra isə V.Lanqhoff, V.Xeynts və başqaları öz öhdələrinə götürdülər. Teatr həmin dövrdə klassiklərin əsərlərinə üstünlük verir. O cümlədən rus və sovet xalqlarının klassik əsərləri repertuarda özünə yer alır. 50-ci illərdə teatrın repertuarının aparıcı xəttində antifaşizm üstünlük təşkil edir. Onun səhnəsində B.Brextin, F.Volfun, Tollerin və başqalarının əsərləri göstərilir. Bu teatrda tanınmış alman aktyorları çıxış etmişlər.

 

Hazırladı: Atababa İsmayıloğlu

Mədəniyyət.- 2016.- 22 iyun.- S.12.