Səhnədə bir kəlmədən başlanan uğur

 

 

Azərbaycan incəsənəti tarixində həm teatrda, həm də kinoda eyni uğuru yaşayan sənətkarlarımız az olmayıb. Aktyor plastikası və özünəməxsus ifa manerası ilə tamaşaçıların rəğbətini qazanan belə sənətkarlardan biriXalq artisti Əli Qurbanov idi.

 

Əli Mirzə oğlu Qurbanov 20 iyun 1898-ci ildə Tiflis şəhərində anadan olub. Teata marağı uşaq yaşlarından yaranır. Bir neçə dəfə yaxın qohumudostu Möhsün Sənani ilə tamaşalara baxmağa gedir. Həmin tamaşalardan aldığı təəssürat onu qırılmaz tellərlə teatra bağlayır.

Əli Qurbanov birinci dəfə M.Sənaninin təkidi ilə həvəskar oyunçuların yer aldığı “Dəmirçi Gavə” tamaşasında bircə kəlmə ilə (“gedək” sözü ilə) səhnəyə çıxır. O, daha sonra 1915-ci ildə M.Sənaninin təşəbbüsü ilə hazırlanan “Məşədi İbad” tamaşasında Rüstəm bəy rolunu oynayır. Gənc aktyorun məlahətli səsi ona çətin sənətdə uğur gətirir. Bu ifadan sonra Ə.Qurbanov üçün yeni üfüqlər açılır. 1917-ci ildə Tiflis Azərbaycan teatrının truppasına qəbul olunur.

Filologiya elmləri doktoru Adilxan Bayramov araşdırmasında yazır ki, 1921-ci ilədək truppa şəklində fəaliyyət göstərən teatr həmin il hökumətin qərarı ilə Tiflis Dövlət Azərbaycan Dram Teatrına çevrilir. Həmin vaxtdan etibarən Ə.Qurbanov İbrahim İsfahanlı, Mirzəxan Quliyev, Mirzəli Abbasov, Mustafa Mərdanov, Mirseyfəddin Kirmanşahlı kimi teatr fədailəri ilə birlikdə həmin kollektivdə çalışırlar.

Əvvəllər bu teatrda tamaşalar M.Abbasov, M.Kirmanşahlı, İ.İsfahanlı və başqa aktyorlar tərəfindən hazırlanır. 1922-ci ildə görkəmli aktyor Sidqi Ruhulla teatra dəvət olunurburada baş rejissor kimi fəaliyyətə başlayır. Ə.Qurbanov onun hazırladığı “Otello”, “Ölülər”, “Anamın kitabı”, “Dağılan tifaq” və başqa tamaşalarda çıxış edir.

1921-ci ildə Gürcüstanda sovet hakimiyyəti qurulur və Ə.Qurbanov artist-təşviqatçı kimi Borçalı mahalının yaşayış məntəqələrində kənd camaatı ilə görüşlər keçirir. N.Nərimanov adına klubda xalq çalğı alətləri orkestri təşkil edir və yerlərdə konsertlər verir. Belə konsertlərdən birində N.Nərimanov orkestrin çıxışını bəyənir və onun üzvlərinə təşəkkürünü bildirir.

Teatrın truppası ilə Türkiyə (1922) və İranda (1925) qastrolda olan aktyor bu səfərlərdə yaddaqalan ifaları ilə tamaşaçıların diqqətini cəlb edir. Ümumiyyətlə, onun səhnə fəaliyyətinin ən məhsuldar dövrü 1925-ci ildən sonraya təsadüf edir. Həmin ilin axırlarında Azərbaycan Xalq Maarif Komissarlığının sərəncamı ilə Tiflis teatrının bir qrup tanınmış aktyoru Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət olunur. Onların arasında Ə.Qurbanov da var idi.

Görkəmli sənətkar uzun illər “Pəri cadu” (Ə.Haqverdiyev) əsərində Niyazi rolunu müxtəlif quruluşlarda oynayır. Müxtəlif illərdə Moskvada keçirilən milli teatrlara ümumittifaq baxışlarında paytaxt tamaşaçıları onu Yanardağ, Məmmədəli bəy, Əsgər bəy (“Hacı Qara”), Mor Amurim (“Zaqmut”), Lord Mounten (“Gülən adam”) və s. rollarda dəfələrlə görürlər. 1957-ci ildə Moskvada təşkil olunan teatr festivalı zamanı V.KomissarjevskayaNazim Hikmət Ə.Qurbanovun Hacı Əhməd rolunda (“Almaz”) böyük ifaçılıq məharətini xüsusi qeyd edirlər. “Pravda”, “İzvestiya”, “Sovetskaya kultura”, “Literaturnaya qazeta” və “Trud” qəzetlərində aktyorun sənətkarlıq məharətindən bəhs edilir.

Kino sahəsində də öz məharətini sınayan görkəmli sənətkar C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının filmlərinə çəkilib. İlk dəfə 1929-cu ildə “Hacı Qara” səssiz filmində Aşıq rolunu ifa edir. Sonralar o, “Kəndlilər”, “Almaz”, “Yeni horizont”, “Səbuhi”, “Bəxtiyar”, “Qara daşlar”, “Ögey ana”, “Bir qalanın sirri” və s. filmlərdə yaddaqalan obrazlar yaradır.

Sənətkar 1938-ci ildə Əməkdar artist, 1940-cı ildə Xalq artisti fəxri adlarına layiq görülür. “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı” və “Lenin” ordenləri, medallarla təltif olunur. Görkəmli aktyor 14 oktyabr 1962-ci ildə, 64 yaşında vəfat edib.

 

Savalan Fərəcov

Mədəniyyət.- 2016.- 22 iyun.- S.13.