Muzeylərimizin beynəlxalq əlaqələri genişlənib

 

 

Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin yeni sədri seçilib

 

İyunun 22-də Milli İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsi rəyasət heyətinin toplantısı keçirildi.

 

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan ilə UNESCO arasında qarşılıqlı əməkdaşlıqdan söz açdı. Bildirdi ki, İCOM muzeymuzey mütəxəssislərinin 1946-cı ildə yaradılmış beynəlxalq təşkilatıdır. İCOM UNESCO-nun tərəfdaşıdır və Birləşmiş Millətlər Təşkilatının İqtisadiSosial Şurasında məşvərətçi statusuna malikdir. Azərbaycanda muzey işinin müasir tələblər baxımından yenidən qurulması istiqamətində görülmüş işlərdən danışan nazir müavini son illərdə Prezident İlham Əliyev tərəfindən bu sahənin inkişafına təkan verən 15-dən çox sərəncamın imzalandığını diqqətə çatdırdı.

Qeyd olundu ki, Azərbaycanda 250 muzey fəaliyyət göstərir və bunların 219-u Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. Nazirlik İCOM Azərbaycan Milli Komitəsinin fəaliyyətinə hər zaman dəstək olubbundan sonra da köməyini əsirgəməyəcək. Göstərilən diqqət sayəsində muzeylərimizin beynəlxalq əlaqələri son dövrlərdə daha da genişlənib: “Sevindirici haldır ki, regionlarda fəaliyyət göstərən 32 muzey də artıq İCOM-un üzvüdür. Muzey işçilərinin əsas məqsədi milli irsimizi qorumaq və təbliğ etməkdir. Heydər Əliyev Fondu mədəni irsin qorunmasına, muzeylərin fəaliyyətinə, bərpasına xüsusi diqqət yetirir. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son illərdə fəaliyyətə başlayan Müasir İncəsənət Muzeyi, Daş Salnamə Muzeyi və digərləri xalqımızın tarixinin qorunmasına və təbliğinə xidmət edir”.

İCOM Azərbaycan Milli Komitəsinin fəaliyyətini yüksək qiymətləndirən Sevda Məmmədəliyeva toplantının işinə uğurlar arzuladı.

İCOM Azərbaycan Milli Komitəsinin sədri Röya Tağıyeva qurumun 3 illik fəaliyyətinə dair hesabatı iştirakçıların nəzərinə çatdırdı. Bildirildi ki, 1993-cü ildən İCOM Azərbaycan Milli Komitəsi Beynəlxalq Muzeylər Şurasına üzv qəbul edilib. Hazırda milli komitənin respublikanın 38 muzey və 7 digər müəssisəsindən 61 fərdi və 3 kollektiv üzvü var. Milli komitə yarandığı gündən muzeylərimizin beynəlxalq arenaya çıxması, dünya muzeylərinin təcrübəsindən bəhrələnməsi, mədəni irsin qorunub saxlanılması, dünyaya tanıdılması və mədəni dəyərlərin qeyri-qanuni ticarətinə qarşı mübarizə aparılması sahəsində mütəmadi iş aparıb, konfranslar, seminarlar təşkil edib. Hesabat dövrü ərzində milli komitə tərəfindən muzey sahəsində bir çox layihələr hazırlanıb və maraqla qarşılanıb.

Daha sonra növbəti 6 il müddətində İCOM Azərbaycan Milli Komitəsinə yeni sədrin seçilməsi müzakirə olundu. Rəyasət heyətinin yekdil qərarı ilə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova komitənin sədri vəzifəsinə təsdiq edildi. Toplantı müzakirələrlə davam etdi.

 

Lalə

Mədəniyyət.- 2016.- 24 iyun.- S.5.