Aşıqlar Birliyi idarə heyətinin iclası keçirilib

 

 

İyunun 22-də Azərbaycan Aşıqlar Birliyi idarə heyətinin növbəti iclası keçirilib. Yeni ünvanda və birliyə yeni sədr seçkisindən sonra ilk dəfə keçirilən iclasda son aylarda görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Birliyin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı bildirib ki, Azərbaycanda, mədəniyyətimizin digər sahələri kimi, aşıq sənətinə də dövlət səviyyəsində böyük qayğı və diqqət göstərilir, aşıqlar Prezident təqaüdünə və fəxri adlara layiq görülür: “Aşıqlar Birliyi bu qayğı və diqqətə əməli işi ilə cavab verəcək, birliyin əvvəlki sədrləri, xalq şairləri Hüseyn Arif və Zəlimxan Yaqubun aşıq sənətinin inkişafı yolunda atdıqları uğurlu addımlar davam etdiriləcək”.

Son dövrlərdə həyata keçirilən tədbir və layihələrdən danışan M.Qasımlı “Heydər Əliyev və ozan-aşıq mədəniyyəti” mövzusunda elmi-mədəni tədbirin, Gədəbəydə gənc aşıqların yaradıcılıq müsabiqəsinin, həmçinin Fransanın Müluz şəhərində “Aşıq sənəti və Qərb şairləri” mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyətini qeyd edib.

Vurğulanıb ki, birliyin üzvlərinin yenidən qeydiyyatı və yeni üzvlərin qəbul edilməsi məqsədilə ustad aşıqlardan ibarət attestasiya komissiyası, yeni üzvlərin qəbulu üzrə komissiya, eləcə də bədii şura yaradılıb. Bildirilib ki, “Günümüzün ustad aşıqları” seriyasından kitabların nəşri davam etdiriləcək. Həmçinin ozan-aşıq muzeyi və səsyazma studiyasının yaradılması, Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə iki ildən bir Aşıq Şəmşir adına müsabiqənin və növbəti beynəlxalq aşıq festivalının keçirilməsi də nəzərdə tutulur.

Birliyin yaradıcılıq məsələləri üzrə katibi Məhəmmədəli Məşədiyev üzvlərin attestasiyası və yeni üzvlərin qəbulu ilə bağlı görülən işlər barədə məlumat verib. İdarə heyətinin üzvlərindən Prezident təqaüdçüləri - Mahmud Məmmədov, Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Ulduz Quliyeva, əməkdar mədəniyyət işçiləri Əhliman Rəhimov, Ədalət Dəlidağlı fikirlərini bölüşüblər.

Sonda idarə heyətinin üzvlərinə yeni üzvlük vəsiqələri təqdim edilib.

 

Mədəniyyət.- 2016.- 24 iyun.- S.7.