Solğun çiçəklər” yeni yozumda

 

 

Azərbaycan dramaturgiyasının klassiki sayılan Cəfər Cabbarlının “Solğun çiçəklər” melodramı Qazax Dövlət Dram Teatrında Xalq artisti Zülfüqar Abbasovun quruluşunda nümayiş olunub.

 

Teatrsevərlərin məzmununu yaxşı bildikləri əsərin yeni rejissor yanaşmasında təqdim olunan tamaşasında süjet bir növ finaldan başlanğıca doğru gedir. Saranın ölümündən bir il sonra Əbdül əmi qucağında gül dibçəyi tamaşaçılar arasından səhnəyə qalxır, sevinc və kədər, riya və vəfasızlıqla dolu, əvvəli ürəkaçan, sonu faciəvi olan həyat hekayəsindən, söz açır. Pərdə açılır və Saranın xoşbəxt mahnısı və Bəhramın fikir sarsıntıları ilə tamaşa başlayır.

Tamaşada kənar obraz kimi daxil edilmiş Dərviş Bəhrama və tamaşaçılara dönə-dönə xatırladır ki, bu yolun sonu peşmanlıq, faciədir. Əsərin sonunda Bəhramla Saranın ruhlarının birləşməsi tamaşaçıda bir rahatlıq yaradır.

Sara rolunda istedadlı gənc aktrisa Zəmanə Orucova çıxış edir. Aktrisa obrazı canlandırmaq üçün dramatik sentimental çalarlardan məharətlə istifadə edir. Bəhram obrazını TTV televiziya kanalından aparıcı kimi yerli tamaşaçılara tanış olan Yusif Qoca oynayır. Qəhrəmanın psixoloji dramatik sarsıntılarını inandırıcı şəkildə təqdim edən aktyorun ifa texnikasını cilalamasına ehtiyac var.

Gülnisə və Əbdül obrazlarında səhnəyə çıxan Xanım Məmmədova və İlqar Hacəliyevin oyunu da yaddaqalandır. Nazilə Məmmədovanın ifasında Pəri obrazı da tamaşaçı rəğbəti ilə qarşılanıb.

Tamaşanın kənar obrazı - Dərviş gənc aktyor Nəsimi Aşbazovun təqdimatında səhnə əsərinə maraqlı çalarlar qatır.

Qazax Dövlət Dram Teatrının son illərdə təqdim etdiyi ən uğurlu nümunələrdən olanSolğun çiçəklər” tamaşasına səhnə tərtibatını rəssamlar Səyyad və Afiq Məmmədovlar, musiqi tərtibatını Aybəniz Qurbanova verib.

Quruluşçu rejissor Zülfüqar Abbasov kollektivlə növbəti tamaşa hazırlamaqdan məmnun olduğunu söyləyib.

 

Hikmət Orxan

Mədəniyyət.- 2016.- 24 iyun.- S.7.