Turizm-xidmət sahəsi üzrə praktik təcrübə

 

Treninq iştirakçılarına sertifikatlar təqdim edilib

 

İyunun 22-də 5 nömrəli Bakı Peşə Liseyində “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsinə dair praktik təcrübə proqramı” təlimində iştirak edən müəllim və şagirdlərə sertifikatların təqdimetmə mərasimi olub.

Tədbirdə Təhsil Nazirliyinin, “British Council” təşkilatının və turizm sənayesi müəssisələrinin əməkdaşları iştirak ediblər.

Qeyd olunub ki, Təhsil NazirliyiBritish Council” təşkilatı və “Hilton” və “Fairmont” hotelləri ilə birlikdə ilk peşə-ixtisas təhsili sahəsində pilot layihə həyata keçirib. Layihə çərçivəsində cari ilin may-iyun aylarında 45 şagirdin iştirakı ilə hotelçilik, fəal istirahət, səyahət və turizmə dair təlimlər keçirilib.

Layihənin əsas məqsədi müvafiq sahə üzrə müəllimlərin potensialının artırılması, milli standartlara və təsnifatlara uyğun kurikulumun hazırlanması və şagirdlər üçün üzrə təcrübə proqramının işəgötürənlərlə birgə həyata keçirilməsinə imkan yaradılmasıdır. Habelə ilk peşə-ixtisas təhsili müəssisələrində turizm sektoru üzrə ehtiyaclara uyğun və təcrübəyə əsaslanan proqramın yaradılması, məzunların məşğulluq imkanlarının artırılması da layihənin əsas hədəflərindəndir.

Təlimlərə Böyük Britaniyadan təhsilin məzmunu və təlimlər üzrə ixtisaslaşmış “People 1st” təşkilatının eksperti dəvət edilib. Ekspert tərəfindən 12 müəllimə hotelçilik, fəal istirahət, səyahət və turizm üzrə bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində təlimlər təşkil olunub. Eyni zamanda həmin müəllimlər tərəfindən tərtib edilmiş kurikuluma uyğun olaraq, şagirdlər üçün də təlimlər keçirilib.

Layihə çərçivəsində müsabiqə əsasında seçilmiş 45 şagird 5 nömrəli Bakı Peşə Liseyində ikihəftəlik nəzəri təlimlərdə və paytaxtdakı beşulduzluHilton” və “Fairmont” hotellərində altı həftəlik istehsalat təcrübəsində iştirak ediblər.

Pilot layihənin davamı kimi növbəti tədris ilindən etibarən üç ixtisasın (hoteldə konsiyerj, aşpaz, mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi) kurikulumunun hazırlanması və təhsil müddəti bir il olan qruplarda kadr hazırlığının aparılması nəzərdə tutulur.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

 

Mədəniyyət.- 2016.- 24 iyun.- S.9.