Ölkəmiz Qafqaz Caz Festivalında təmsil olunub

 

 

Gürcüstanda ənənəvi Qafqaz Caz Festivalı keçirilib. Yeddinci dəfə gerçəkləşən festivalın builki qonaqları Qafqaz ölkələri ilə yanaşı, ABŞ, İran, Türkiyənin gənc caz musiqiçiləri olub.

 

Festivalda Gürcüstanı “Kanudosi”, “Hulement”, “Stumrebi” qrupları, Azərbaycanı “J.E.F. Experimenttriosu, Türkiyəni bəstəkar və pianoçu Tuluq Tırpanın kvarteti təmsil edib. İştirakçılar sırasında İranı təmsil edən “Arte Music Group” heyətini görmək olduqca xüsusi maraq doğurub.

Festivala müxbir kimi xüsusi dəvət almış caz tədqiqatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Turan Məmmədəliyeva musiqi bayramı barədə fikrini bölüşüb.

Onun sözlərinə görə, Qafqaz Caz Festivalı qeyri-kommersiya səciyyəli layihədir və hər il keçirilmə forması dəyişir. Bu il festival geniş miqyas alan tədbirləri ilə əlamətdar oldu. Festival konsertlərindən əlavə, cem-seyşn gecələri, qədim Axaltsixe bölgəsində yerləşən Rabat qəsri ətrafında təntənəli konsert keçirildi. Festivalın əhəmiyyətini artıran daha bir müsbət cəhət - ABŞ-dan gəlmiş Ceymi Ebersoldun caz məktəbinin nümayəndələri - saksafonçu Maykl Treysi gitaraçı Kreyq Vaqnerin iştirakı ilə keçirilən ustad dərsləri idi.

Konsertlərdə Azərbaycanı təmsil edən “J.E.F. Experiment” triosu uğurla çıxış edib, xalq mahnılarını Rafiq Babayevin əsərləri əsasında hazırlanmış kompozisiyaları ifa edib.

T.Məmmədəliyeva deyib ki, festival çərçivəsində yazıçı, publisist, caz haqda romanların müəllifi Zurab Karumidzenin müxtəlif ölkələrin müxbirlərinin iştirakı ilə keçirdiyi dəyirmi masa da maraqlı olub.

 

Mədəniyyət.- 2016.- 24 iyun.- S.10.