İstiqlal şəhidinə möhtəşəm ədəbi abidə

 

 

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində yaşayıb-yaratmış Molla Cumadır. 1854-cü ildə Şəkinin Layiski kəndində anadan olmuş Molla Cumanı bu gün biz dövrünün tanınmış aşığı və mütəfəkkir şairi olmaqla yanaşı, təəssüf ki, həm də sovet rejiminin qurbanı kimi xatırlayırıq. O, 1920-ci ilin may ayında rus ordusu Şəkinin kəndlərinə hücum edərkən öldürülüb.

 

Böyük ideya və məslək sahibi olan Molla Cuma bənzərsiz sənətkar olubbu bənzərsizlik onun taleyi ilə yanaşı, yaradıcılığında da özünü göstərir. Professor Məhərrəm Qasımlının da qeyd etdiyi kimi, şeir çeşidlərindən heç bir aşıq onun qədər istifadə etməyib. Molla Cuma 40-a yaxın şeir şəklində qələmini sınayıb, poeziyadapünhan” obrazı yaradıb. “İsmi pünhan” obrazı təsadüfən yaranmayıb. O, sevdiyi qızın adını qəlbinə əbədi həkk edərək, buİsmi pünhan”ın əsl adını ömrünün sonuna qədər dilinə gətirməyib. “İsmi Pünhanbütün yaradıcılığı boyu Molla Cumaya ilham verib, onu ruhən qidalandırıb.

Bəllidir ki, aşıqların çoxu həm də bədii yaradıcılıqla məşğul olub. Amma Molla Cuma yeganə aşıqdır ki, Əlyazmalar Fondunda onun ədəbi irsinin böyük əksəriyyəti qorunur.

Azərbaycan aşıq sənəti tarixinə yenilikçi aşıq-şair kimi düşən və özündən sonra zəngin ədəbi irs qoyan Molla Cumanın şeirlərinin cüzi bir hissəsini 1930-cu illərdə folklorşünas Hümmət Əlizadə toplayıb “Aşıqlar” kitabında çap etdirib.

Bugünlərdə isə Azərbaycan Aşıqlar Birliyi tərəfindən yeni bir uğurlu layihə kimi böyük saz-söz ustadı Molla Cumanın “İsmi Pünhan” adlı şeirlər kitabı nəfis tərtibatla nəşr olunaraq oxucuların ixtiyarına verilib. Azərbaycan Aşıqlar Birliyinin ustad sənətkara 160 illik yubileyi ərəfəsində ehtiramının ifadəsi kimi hazırlanan kitabda Molla Cuma sənətinin ecazkarlığını əks etdirən aşıq şeiri örnəkləri yer alıb. Kitabı hazırlayanlar Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı və Molla Cumanın nəticəsi Elman Əzizov, redaktoru Yeganə Məmmədovadır.

Kitaba yazdığı dərin məzmunlu ön sözdə Molla Cumanı istiqlal şəhidi adlandıran Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Dövlət mükafatı laureatı, millət vəkili Yaqub Mahmudov kitabın nəşrə hazırlanmasını Azərbaycan Aşıqlar Birliyinin Molla Cumanın ruhuna böyük ehtiramı kimi dəyərləndirir, mütəfəkkir şairin yaradıcılığını yüksək qiymətləndirir: “Molla Cuma sadəcə olaraq, saz çalan, söz qoşan, dastan söyləyən, məclis əhlini əyləndirən ənənəvi aşıqlardan deyildi. O, sözün həqiqi mənasında ərəb, fars, türk dillərini mükəmməl bilən, özündən sonra xalqına əlyazmaları halında qiymətli ədəbi irs qoyub gedən mütəfəkkir şairimizdir”.

Erkən yaşlarından saz çalıb söz qoşan, Şəki-Zaqatala-Balakən və Dərbənd bölgəsində el-oba məclislərində ifası, sözü ilə məşhurlaşan Molla Cuma yaradıcılığında aşıq sənəti ilə klassik poeziyanı birləşdirən unikal bir sənətkardır. Bu iki istiqaməti özündə böyük ustalıqla birləşdirən ikinci bir sənətkar, demək olar ki, yoxdur. Professor M.Qasımlının da dediyi kimi, Molla Cumanın yaradıcılığına haradan baxırsansa, orda klassik Şərq poetikası, onun dərinliklərindən gələn ənənələr görünür, eyni zamanda Azərbaycan ozan-aşıq mədəniyyətinin mahiyyəti üzə çıxır. Molla Cumanı “ismi pünhan” aşığı adlandıran M.Qasımlı qeyd edir ki, “Cuma yaradıcılığı təkcə şəkil-biçim əlvanlığı ilə deyil, həm də mövzu əhatəsinin genişliyi ilə diqqəti çəkir. Lirik-aşiqanə, gözəlləmə səciyyəli şeirlərdən başqa onun poeziyasında fəlsəfi-didaktik və dini ruhlu örnəklər də geniş yer tutur”.

Böyük ideoloji mübarizənin içərisində olub, Azərbaycanın istiqlal mübarizəsi yolunda şəhid olan Molla Cumanın şeirlərinin mövzusu bəşəridir, saf, ülvi bir məhəbbəti tərənnüm edir, həm fəlsəfi yükü, həm də poetik siqləti ilə çox zəngin və bənzərsizdir. Özündən əvvəlki ustad sənətkarların ədəbi irsini dərindən öyrəndiyi üçün onun yaradıcılığı getdikcə zənginləşmiş və orijinallığı ilə seçilmişdir.

Molla Cumanı “dünyanı düşünən” bir sənətkar kimi qiymətləndirən M.Qasımlı yazır: “Molla Cuma dünyanı düşünən, insanlığın qayğıları ilə yaşayan, həyata, ətraf çevrəyə müdrik nəzərlərlə yanaşan el sənətkarıdır. Onun gəlimli-gedimli dünyanın olub-olacaqlarına verdiyi poetik dəyərləndirmələr, zamanın gərdişi ilə bağlı dilə gətirdiyi öyüd-örnəklər, həssas həyati müşahidələr əsasında söylədiyi müdrik kəlamlar öz dərin hikmətinə və sərrast ifadəsinə görə el yaddaşına hopa bilmişdir”.

Y.Mahmudovun da dediyi kimi, bu kitab erməni-bolşevik quldurları tərəfindən qətlə yetirilmiş böyük mütəfəkkirimiz, xalqın qəlbində özünə müqəddəs istiqlal şəhidi abidəsi ucaltmış Molla Cumanın xatirəsinə möhtəşəm ədəbi abidə, Molla Cuma irsini öyrənmək istəyənlər, aşıq sənətinin tədqiqatçıları və bütövlükdə ədəbiyyatşünaslar üçün isə qiymətli bir vəsaitdir. İnanırıq ki, mütəxəssislər bu kitab haqqında öz rəylərini bildirəcəklər.

Kitabın araya-ərsəyə gəlməsində zəhməti olanların hamısına minnətdarlığımızı bildirirbu yazını Əməkdar elm xadimi Y.Mahmudovun kitabın hazırlanmasında hamıdan çox zəhməti olan professor M.Qasımlıya xitabən dediyi sözlərlə bitirmək istəyirəm: “Azərbaycan Aşıqlar Birliyinin sədri, dostum Məhərrəm Qasımlının təşəbbüsü və ilk addımı kimi nəşr olunan bu kitab istiqlal şəhidimiz və mütəfəkkir şairimiz olan Molla Cumanın ruhuna dərin bir ehtiram nümunəsidir. Atdığın bu qədirbilən addıma, istiqlal şəhidimiz Molla Cumanın ruhuna bəslədiyin dərin ehtirama görə yaşa, var ol, əziz dostum Məhərrəm Qasımlı”.

 

Musa Nəbioğlu,

Əməkdar mədəniyyət işçisi, Azərbaycan Aşıqlar Birliyinin katibi

Mədəniyyət.- 2016.- 24 iyun.- S.15.